...

Aydın Əliyev: Azərbaycan Ukrayna ilə gömrük sahəsində əməkdaşlığı genişləndirməkdə maraqlıdır (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Mart 2015 16:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 mart /Trend/

Martın 31-də Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev ölkəmizdə səfərdə olan Ukrayna-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Ukrayna Ali Radasının Gömrük və vergi məsələləri üzrə komitəsinin sədri Roman Nəsirovu qəbul edib.

DGK-nın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qonağı səmimiyyətlə salamlayan Dövlət Gömrük Komitəsinin sədri A.Əliyev iki ölkə arasında mövcud əlaqələrdən söhbət açıb və qeyd edib ki, Azərbaycan-Ukrayna əlaqələrinin perspektivi böyükdür. DGK sədri Azərbaycanla Ukrayna arasında əlaqələrin müxtəlif sahələrdə, o cümlədən, gömrük işi sahəsində genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb.

Azərbaycan Gömrük Xidmətinin Ukrayna Dövlət Gömrük Xidməti ilə qarşılıqlı əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu nəzərə çatdıran A.Əliyev bu baxımdan tərəflər arasında əlaqələrin inkişafının və inteqrasiyasının vacibliyini bildirib.

Səmimi qəbula görə Dövlət Gömrük Komitəsinin sədrinə təşəkkür edən Ukrayna-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri R.Nəsirov Azərbaycana səfər etməkdən məmnunluğunu və burada az müddətdə böyük təəssüratlar əldə etdiyini söyləyərək, həqiqətən də ölkədə iqtisadi tərəqqinin şahidi olduğunu bildirib. Qonaq iki dost ölkə arasında bütün sahələrdə, o cümlədən, gömrük sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb, qarşılıqlı fəaliyyətin, təcrübə mübadiləsinin əhəmiyyətini önə çəkib.

Görüşdə, eyni zamanda, qarşılıqlı maraq doğuran bəzi məsələlər ətrafında fikir mübadiləsi aparılıb, eləcə də kadr potensialının gücləndirilməsi, informasiya texnologiyalarının tətbiqi, əməliyyat-axtarış fəaliyyəti, "bir pəncərə" prinsipinin tətbiqi sahəsində birgə əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub.

Görüşdən sonra R.Nəsirov Dövlət Gömrük Komitəsində "Hədəf" Mərkəzinin fəaliyyətilə tanış olub. Bildirilib ki, BMT İnkişaf Proqramının Azərbaycan Gömrük Xidmətinin təkmilləşdirilməsi layihəsi üzrə yaradılan Mərkəzin məqsədi ölkənin gömrük-buraxılış məntəqələrində, eləcə də daxili gömrük orqanlarında, hava limanında və dəmir yolunda həyata keçirilən gömrük prosedurlarını vahid mərkəzdən müşahidə etməkdir. Bu görüntülər yerlərdə quraşdırılan 1000-dək kamera vasitəsilə birbaşa Mərkəzə ötürülür və buradakı 20 monitorla izlənilir. Bundan başqa, gömrük rəsmiləşdirilməsi zamanı yerli gömrük orqanlarında fiziki və hüquqi şəxslərə dair qeydə alınan məlumatlar, o cümlədən, nəqliyyat vasitələrinin texniki göstəriciləri də "on-layn" şəklində "Hədəf" Mərkəzinə daxil olur. Bütün bunlar, ölkənin gömrük ərazisindəki giriş və çıxış məntəqələrində sərnişin və yükdaşımalarına gömrük nəzarətini artırmağa, həm də bu nəzarəti daha çevik və mütəşəkkil qaydada həyata keçirməyə imkan yaradır.

Qonaq "Hədəf" Mərkəzinin işə ilə tanışlıqdan məmnunluğunu bildirərək, onun üstün imkanlarını yüksək dəyərləndirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti