Azərbaycan, Bakı, 24 iyul /Trend, müxbir Azad Həsənli/
Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı rekord göstəriciyə çatıb. Trend-in məlumatına görə, bunu Dövlət Statistika Komitəsinin sədr müavini Həmid Bağırov deyib.
2015-ci ilin I rübünün yekunları üzrə Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı ötən ilin analoji dövrü ilə müqayisədə 7,3 faiz artıb.
Onun sözlərinə əsasən, cari ildə bu sahədə görünməmiş artım səviyyəsi əldə edilib: "Biz gözləyirik ki, ilin sonunadək bütün respublika üzrə kənd təsərrüfatı məhsullarının istehsalı rekord səviyyədə qalacaq".
H.Bağırov qeyd edib ki, taxıl əkini sahələrinin azalmasına baxmayaraq, bu səviyyədə artım əldə edilib: "2015-ci ilin l yarısında ümumi taxil əkini sahəsi ötən ilin yanvar-iyun ayları ilə müqayisədə 48 min hektar az olub. Buna rəğmən, bu dövr ərzində 2014-cü ilin I yarısına nisbətən 321 ton taxıl çox istehsal edilib. Hər hektardan isə 8 sentner taxıl çox yığılıb. Başqa sözlə, belə nəticələrə əkin sahələrinin artırılması hesabına deyil, məhsuldarlığın artımı hesabına nail olunub".