...

Vergi Məcəlləsində dəyişikliklər əhalinin maddi rifahına müsbət təsir göstərəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Oktyabr 2015 19:07 (UTC +04:00)
Azərbaycanda güzəşt tətbiq edilən gəlirlərin yuxarı həddinin artırılması büdcə təşkilatlarında və digər sahələrdə 500 mindən çox insanı əhatə edəcək.
Vergi Məcəlləsində dəyişikliklər əhalinin maddi rifahına müsbət təsir göstərəcək

Azərbaycan, Bakı, 16 oktyabr /Trend, müxbir Azad Həsənli/

Azərbaycanda güzəşt tətbiq edilən gəlirlərin yuxarı həddinin artırılması büdcə təşkilatlarında və digər sahələrdə 500 mindən çox insanı əhatə edəcək.

Trend-in məlumatına görə, bunu vergilər naziri Fazil Məmmədov Milli Məclisin İqtisadi siyasət komitəsində "Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, regionlarda çoxsaylı görüşlərdə vətəndaşlar daha çox məhz bu dəyişikliyi etməyi xahiş ediblər: "Məsələn, qüvvədə olan qanunvericiliyə əsasən, 200 manatdan yuxarı dərs yükü olan müəllimlər əsasən vergiyə cəlb olunduqları üçün onların əməkhaqqından vergi çıxılırdı. Nəticədə onlar dərs yükü 200 manata qədər olan müəllimlərdən daha aşağı əməkhaqqına malik olurdular. Yəni ədalətsizlik yaranırdı. İndiki dəyişikliklər bunu aradan qaldırmağa hesablanıb".

Nazir qeyd edib ki, bu dəyişikliklər ölkədə həyata keçirilən sosial siyasətə uyğun olaraq, əhalinin maddi rifahının yaxşılaşmasına müsbət təsir göstərməklə yanaşı, əməkhaqlarının leqallaşdırılmasına gətirib çıxaracaq.

Milli Məclisə təqdim edilən Vergi Məcəlləsinə əlavə və dəyişikliklərə əsasən, gəlir vergisinə cəlb edilən fiziki şəxsin aylıq gəlirinin məbləği vergidən azad edilən hissə çıxıldıqdan sonra 250 manatdan 2500 manatadək artacaq.

Dəyişikliklərə əsasən, fiziki şəxsin muzdlu işlə əlaqədar olan aylıq gəliri 2500 manatadək olduqda, əmək qabiliyyətli əhali üçün ölkə üzrə yaşayış minimumunun 1 misli, illik gəliri 30 000 manatadək olduqda isə müvafiq göstəricinin 12 misli məbləğində olan hissəsinin gəlir vergisindən azad olunması təklif edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti