...

Biznes inkubator Quba-Xaçmaz iqtisadi rayonuna töhfə verir

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Oktyabr 2015 18:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 oktyabr /Trend/

Bu gün Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində yaradılmış biznes inkubatorun fəaliyyətinin birinci ilinin yekunlarına həsr olunmuş "Biznes inkubatorun gənc sahibkarlığın inkişafında rolu" mövzusunda tədbir keçirilmişdir.

Tədbirdə İqtisadiyyat və Sənaye Nazirliyinin, Xaçmaz Rayon İcra Hakimiyyətinin nümayəndələri, biznes inkubatorun iştirakçıları, eləcə də Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayan gənclər iştirak etmişdir.

Tədbirdə çıxış edən iqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin gənclərin məşğulluğunun təmin edilməsinə və sosial problemlərinin həllinə, gənclərin sahibkarlıq təşəbbüslərinin dəstəklənməsinə böyük diqqət və qayğı göstərdiyini vurğulamışdır. Diqqətə çatdırılmışdır ki, gənclərin sahibkarlıq fəaliyyətinin dəstəklənməsi və məşğulluğun təmin edilməsi "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planında müəyyən edilmiş mühüm vəzifələrdəndir. Qeyd edilmişdir ki, ölkədə sahibkarlıq fəaliyyətinə, gənclərin məşğulluğunun artırılmasına dəstək mexanizmlərindən biri də güzəştli maliyyə dəstəyinin göstərilməsidir. Belə ki, İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən indiyədək ölkəmizdə 4631 gənc sahibkara 307,9 milyon manat güzəştli kredit verilmişdir ki, bu kreditlər hesabına 14 200-dən çox yeni iş yerinin açılması imkanı yaradılmışdır.

Biznes inkubatorların yaradılması gənclərin sahibkarlıq fəaliyyətinə cəlb edilməsində əsas mexanizmlərdəndir. Bildirilmişdir ki, "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında, "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramında ölkədə biznes inkubatorların yaradılması öz əksini tapmışdır. Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində yaradılmış biznes inkubatorun fəaliyyəti gənclərin innovativ potensialının və təşəbbüskarlığının dəstəklənməsinə, məşğulluğun artırılmasına, eləcə də iqtisadi rayonun inkişafına öz töhfəsini verir. Bir il ərzində biznes inkubatorda müxtəlif tədbirlərin, o cümlədən treninqlərin, beynəlxalq ekspertlərin iştirakı ilə seminarların, biznes ideyalar müsabiqəsinin və digər tədbirlərin keçirilməsini, davamlı məsləhət xidmətlərinin göstərilməsini qeyd edən Sahib Məmmədov bu tədbirlərin gənc biznes inkubator iştirakçılarının sahibkar kimi formalaşmasında mühüm rol oynadığını və bu işlərin gələcəkdə də davam etdiriləcəyini vurğulamışdır.

Nazirliyin Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdir müavini Amil Əlili dövlət proqramları çərçivəsində gənclərin təhsili və məşğulluğu sahəsində həyata keçirilmiş tədbirlər, eləcə də bu istiqamətdə qarşıda duran vəzifələrdən danışmış, ölkə regionlarının sosial-iqtisadi inkişafında gənclərin rolu, onların inkişafı üçün şəraitin yaxşılaşdırılması, məşğulluğun daha da artırılması və gənclər arasında sahibkarlığın inkişafı ilə bağlı görüləcək işlər barədə tədbir iştirakçılarını məlumatlandırmışdır.

Bakı Biznes Tədris Mərkəzinin direktoru Akif Fərruxov sahibkarların maarifləndirilməsi istiqamətində bölgələrdə keçirilən tədbirlər və Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində təşkil edilmiş biznes inkubatorun fəaliyyət istiqamətləri barədə məlumat vermiş, biznes inkubator üçün növbəti iştirakçıların seçilməsi məqsədilə müsabiqə elan edildiyini və sənəd qəbulunun davam etdiyini qeyd etmiş, müsabiqə şərtlərini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti