Bakı. Trend:
Noyabrın 26-da Azərbaycandan Rusiya Federasiyasına aparılan kənd təsərrüfatı məhsullarının Dağıstan Respublikasının Dərbənd şəhərinin Dəmir yolu deposundan daşınması ilə bağlı yaranmış problemi aradan qaldırmaq məqsədi ilə İqtisadiyyat və Sənaye nazirinin müavini Sahib Məmmədov, Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev, həmçinin İqtisadiyyat və Sənaye Nazirliyinin əməkdaşları Dağıstan Respublikasında işgüzar səfərdə olublar.
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, səfər zamanı Azərbaycan nümayəndə heyəti Rusiya Federasiyasının Dağıstan Respublikasının Baş naziri ilə görüşmüş, yükdaşımalarda yaranmış problemlər müzakirə edilib.
Azərbaycan nümayəndə heyəti Dərbənd dəmir yolu deposunda saxlanılan yüklərə baxış keçirib.
Artıq Dərbənd dəmir yolu deposunda saxlanılan 180 vaqondan 120-sindən kənd təsərrüfatı məhsulları yükdaşıyan maşınlara yüklənərək Rusiya Federasiyasının müxtəlif bölgələrinə yola salınıb.
Depoda qalan digər vaqonlardan yüklərin boşaldılması və daşınması intensiv olaraq davam etdirilir.