Bakı. Trend:
Bu gün Kənd Təsərrüfatı Nazirliyində Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti tərəfindən "2015-ci ildə görülmüş işlər və qarşıda duran vəzifələr"in müzakirəsinə həsr olunmuş geniş kollegiya iclası keçirilib. İclasda nazirliyin şöbə müdirləri, müvafiq qurumlarının rəhbərləri və rayon toxum müfəttişləri iştirak ediblər.
Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, kollegiyada çıxış edən Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin rəisi Möhtəsim Əhmədov "2015 ildə toxumçuluq sistemində mövcud vəziyyət və qarşıda duran vəzifələr" barədə geniş məlumat verib. Bildirilib ki, ölkədə aparılan toxumçuluq siyasətinin əsas məqsədi daxili toxum bazarını keyfıyyətli, yüksək məhsuldar bitki sortlarının toxumları və tingləri ilə təmin etməkdən ibarətdir. Bu vəzifənin həyata keçirilməsində özəl toxumçu və ting istehsalçılarının fəaliyyəti xüsusi əhəmiyyətə malikdir. "Toxumçuluq haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Nazirlər Kabineti tərəfindən təsdiq olunan kvota əsasında elmi tədqiqat və digər müvafıq strukturların təcrübə təsərrüfatlarında tələb olunan miqdarda orijinal, superelit və elit toxumlarına çəkilən xərclər dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Həmçinin 2007-ci ildən başlayaraq 1-ci və 2-ci reproduksiyalı toxumlar və ting istehsalına görə dövlət büdcəsinin vəsaiti hesabına subsidiya verilir. Bu tədbir respublikanm regionlarmda toxumçuluq və tingçilik işlərinin genişləndirilməsi, kənd təsərrüfatı bitkilərinin toxumlarının və tinglərinin artırılması, toxumçuluq təsərrüfatlarının maddi-texniki bazalarının yaxşılaşdırılması istiqamətində öz müsbət təsirini göstərir.
Dövlət qayğısından istifadə edən bütün növ toxum və ting istehsalçılarının istehsala marağı artıb, istər orijinal, superelit və elit toxumların, istərsə də 1-ci və 2-ci reproduksiyalı toxumların istehsalının genişləndirilməsi imkanları yüksəlib və bəzi bitki toxumlarına, xüsusən strateji əhəmiyyətə malik taxıl toxumuna olan tələbat, əsasən, daxili istehsal hesabına təmin olunub. Lakin bəzi hallarda torpaq mülkiyyətçiləri sort və səpin keyfıyyətləri məlum olmayan toxumlardan istifadə edirlər ki, bu da son nəticədə məhsuldarlığın kəskin azalmasına və məhsulun keyfıyyətinin pisləşməsinə səbəb olur.
2015-ci ilin məhsulu üçün toxumçuluq subyektləri tərəfindən əkilmiş 60,4 min ha toxumluq taxıl sahəsində aprobasiya aparılıb və dövlət standartlarının tələblərinə cavab verməyən 18,5 min ha sahə toxum dövriyyəsindən çıxarılıb, qalan 42,0 min ha sahə biçilib və toxumlar təmizlənərək kondisiyaya çatdırılıb. 2015-ci təsərrüfat ilində dövlət və özəl toxumçuluq təsərrüfatları üzrə cəmi 169,0 min ton taxıl toxumu istehsal edilib. İstehsal olunmuş taxıl toxumunun 119,0 min tonu buğda, 50,0 min tonu arpa toxumu olmaqla, cəmi toxumun 42,0 tonunu orijinal, 200,2 tonunu superelit, 1612,0 tonunu elit, 22,6 min tonunu R1, 43,0 min tonunu R2 və 100,0 min tondan artığı isə reproduksiyasız toxumlar təşkil edib. Toxum istehsalının 37,3 faizi özəl toxumçuluq təsərrüfatlarının, 1,5 faizi Aqrar Elm Mərkəzinin, 0,7 faizi DKTİM MMC-lərin, 60,5 faizi isə ayrı-ayrı fıziki və hüquqi şəxslərin payına düşür.
2015-ci il ərzində 54 fıziki və hüquqi şəxs toxum istehsalçılarının reyestrinə daxil edilib. Ümumiyyətlə, respublika üzrə cəmi 354 toxumçuluq subyekti toxum və ting istehsalı ilə məşğul olur.
Azərbaycan Prezidentinin 2 mart 2015-ci il tarixli sərəncamı ilə yaradılan Dövlət Toxum Fondu məhsul istehsalçılarını keyfiyyətli toxumla təmin etmək, dövlətin beynəlxalq müqavilələrini yerinə yetirmək, habelə təbii fəlakətə məruz qalmış bölgələrə köməklik göstərmək funksiyalarını həyata keçirəcək. Bu fəaliyyətlərin təmin olunması məqsədilə respublikada dövlət reyestrinə daxil edilmiş bitki sortlarının toxumları dövlət, yerli və sığorta fondlarına tədarük olunacaqdır. Bu da əhalinin ərzaq təhlükəsizliyinin təmin olunmasında vacib əhəmiyyətə malikdir.
Kollegiyanın sədri, nazir Heydər Əsədov toxumçuluğun bitkiçilik məhsullarının istehsalında ən vacib sahələrdən biri olduğunu, bu sahənin elmi əsaslarla inkişafının vacibliyini bildirərək toxumçuluq sahəsi üzrə assosiasiyaların yaradılmasını, toxumçuluq sisteminin elektron uçota keçirilməsi, bu sahədə struktur islahatlarının həyata keçirilməsinin, regional Aqrar Elm Mərkəzləri tərəfindən informasiya məsləhət xidmətinin yaxşılaşdırılmasının, bu sahədə şəffaflığa daha yüksək səviyyədə təmin etmək məqsədilə subsidiya alan toxumçuların ünvanları, torpaq sahələri, aldığı subsidiyanın miqdarı barədə qısa zamanda nazirliyin internet səhifəsində yerləşdirilməsinin vacibliyini bildirib.