...

Maliyyə naziri: Azərbaycanın dövlət büdcəsinin gəlir və xərcləri 2016-cı ildə artırılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Yanvar 2016 22:15 (UTC +04:00)
Azərbaycanın dövlət büdcəsinin proqnozlarına yenidən baxılması çərçivəsində 2016-cı ildə gəlir hissəsi təxminən 1,9 milyard manat artırılmaqla 16,4 milyard manata, xərclər isə 1,95 milyard manat artırılmaqla 18 milyard manata çatdırılacaq.
Maliyyə naziri: Azərbaycanın dövlət büdcəsinin gəlir və xərcləri 2016-cı ildə artırılacaq

Bakı. Ənvər Məmmədov - Trend:

Azərbaycanın dövlət büdcəsinin proqnozlarına yenidən baxılması çərçivəsində 2016-cı ildə gəlir hissəsi təxminən 1,9 milyard manat artırılmaqla 16,4 milyard manata, xərclər isə 1,95 milyard manat artırılmaqla 18 milyard manata çatdırılacaq. Trend-in məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov ANS telekanalına müsahibəsində deyib.

Maliyyə nazirin sözlərinə görə, dövlət büdcəsində defisit 1,5 milyar manat proqnozlaşdırılır: "Dövlət büdcəsində defisitin təmin olunmasında əsas mənbə kimi ötən ilin yekunlarına görə qənaət olunmuş 1,4 milyard manat, eləcə də bu il bazara buraxılması nəzərdə tutulan qiymətli kağızlar çıxış edəcək".

Dövlət büdcəsinin proqnozları neftin 1 barelinin qiyməti 25 dollar hesabnlanmaqla hazırlanıb.

Nazir qeyd edib ki, dövlət büdcəsinin proqnozlarında dəyişiklik edilməsinə səbəb manatın məzənnəsinin korreksiyası olub: "Manatın növbəti ucuzlaşması 2015-ci ilin dekabrında dövlət büdcəsinin proqnozlarında bir sıra dəyişikliklərin edilməsini zəruri edib. İlk növbədə, xarici valyutada ifadə olunmuş ölkə xərcləri artıb. Bunlar, xarici borcların idarə edilməsi xərcləri, xaricdə bizim diplomatik nümayəndəliklərinin maliyyələşdirilməsi, beynəlxalq təşkilatlara üzvlük haqlarının ödənilməsi və digər valyuta öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı xərclərdir. Bütün bu xərclər dövlət büdcəsində manatın dollara qarşı yeni məzənnəsi nəzərə alınmaqla öz əksini tapmalıdır".

Bundan başqa, Şərifov bildirib ki, manatın devalvasiyası ilə əlaqədar qiymətlərin artması, inflyasiya təzyiqi müşahidə olunub və bu, müavinətlərin artırılmasını vacib edib: "Dövlət başçısı əmək haqlarının və müavinətlərin artırılması barədə artıq bir sıra fərman və sərəncamlar imzalayıb. Yaxın vaxtlarda imzalanacaq daha bir neçə sərəncam var - işsizlik müavinətinin, tələbə təqaüdlərinin artırılması və bir sıra digər sosial tədbirlər üzrə. Bunun üçün dövlət büdcəsində vəsait olmalıdır, ötən il təsdiq edilmiş proqnozlar arasında isə bunlar yoxdur".

Nazirin sözlərinə görə, dövlət büdcəsinin proqnozlarına yenidən baxılmasının digər səbəbi bəzi mənbələrdən gəlirlərin azalmasıdır: "Neftin qiymətinin aşağı düşməsindən Azərbaycanda fəaliyyət göstərən neft konsorsiumların mənfəət vergisi üzrə ödənişləri azalıb. 2016-cu ilin büdcəsində neftin 1 barelinin qiyməti 50 dollardan hesablanmışdı, indi isə bir barelin qiyməti 25 dollardan hesablanacaq. Hərçənd bəzi proqnozlara görə, ilin ikinci yarısında neftin qiyməti artacaq. Beləliklə, bizim neft gəlirlərimiz azalacaq, amma buna baxmayaraq ki, onların bir hissəsi dollardadır və devalvasiyaya görə biz manat ekvivalentində daxilolmaları artıracağıq, neft konsorsiumları və SOCAR tərəfindən dövlət büdcəsinə ayırmalar 200 milyon manat azala bilər".

Şərifov bildirib ki, korreksiya olunmuş dövlət büdcəsində Vergilər Nazirliyinin və Dövlət Gömrük Komitəsinin xətti üzrə daxilolmalara yenidən baxılıb: "Bu da, ilk növbədə, manatın devalvasiyası ilə bağlıdır, çünki ölkəyə idxal olunan bir sira məhsulların qiyməti manat ekvivalentində artıb. Eyni zamanda devalvasiya inflyasiya yarada bilər və bunu nəzərə alaraq, biz Vergilər Nazirliyinin xətti ilə gəlirlərin artmasını gözləyirik. Həmçinin qeyd etmək lazımdır ki, Dövlət Neft Fondundan büdcəyə transfertlərin həcmi manat ekvivalentində 1,2 milyard manat artacaq. Beləliklə, biz dövlət büdcəsinin gəlirlərini və xərclərini balanslaşdıra bilərik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti