Bakı. Azad Həsənli - Trend:
Fevralın 19-da Azərbaycanın Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin sədri, Türkiyənin ətraf mühit və şəhərsalma nazirinin müavini Mehmet Ceylanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, qonaqlar əvvəlcə Komitənin inzibati binasında yerləşən Bakı şəhərinin mərkəzi hissəsinin maketi ilə tanış olub və onlara Bakı şəhərinin mərkəzi hissəsində həyata keçirilmiş layihələr barədə məlumat verilib.
Komitənin sədri Abbas Ələsgərov nümayəndə heyətini salamladıqdan sonra Türkiyənin Ankara və Diyarbəkir şəhərlərində baş vermiş və onlarla insanın ölümü ilə nəticələnən terror hadisələri ilə bağlı kədərləndiyini bildirib və Türkiyə xalqına başsağlığı verib.
Dövlət Komitəsi sədrinin müavini Dövlətxan Dövlətxanov Komitənin yaranma tarixi, fəaliyyəti və görülmüş işlər barədə qonaqlara məlumat verib.
Nümayəndə heyətinin rəhbəri Mehmet Ceylan səmimi qəbul üçün minnətdarlığını bildirib və vurğulayıb ki, Azərbaycan, o cümlədən Bakı günbəgün dəyişir və gözəlləşir. M.Ceylan Türk Dünyası Mühəndislər və Memarlar Birliyi barədə danışaraq bildirib ki, 15 il öncə yaradılan Birlik dövlət və özəl sektorun təmsilçilərini özündə cəmləşdirir və Birliyin hazırda Azərbaycan da daxil olmaqla 36 ölkədə təmsilçiliyi mövcuddur. Hər iki ildən bir Türk Dünyası Mühəndislik, Memarlıq və Şəhərsalma Qurultayını keçirən Birliyin növbəti qurultayının 2016-cı ildə Bakıda keçirilməsi nəzərdə tutulur. O, qeyd edib ki, 2016-cı ili "Heydər Əliyev ili" elan edən Birlik Azərbaycanda müxtəlif tədbirlər keçirməyi planlaşdırır.
Sonra Türk Dünyası Qurultaylarının baş koordinatoru İlyas Demirci Birliyin gördüyü işlərdən danışıb və Bakıda keçiriləcək 5 günlük qurultayın proqramı və keçiriləcək silsilə tədbirlər barədə ətraflı məlumat verərək bu qurultayın yüksək səviyyədə keçirilməsi üçün çalışacaqlarını bildirib.
Görüşdə hər iki tərəfi maraqlandıran məsələlər barədə fikir mübadiləsi aparılıb.