...

Dövlət Komitəsinə ayrılan vəsaitlərin istifadəsində neqativ hallar aşkarlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Mart 2016 12:24 (UTC +04:00)
Hesablama Palatası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə ayrılan vəsaitlərin istifadəsi ilə bağlı həyata keçirilmiş nəzarət tədbiri zamanı bəzi neqativ hallar aşkarlayıb.
Dövlət Komitəsinə ayrılan vəsaitlərin istifadəsində neqativ hallar aşkarlanıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Hesablama Palatası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə ayrılan vəsaitlərin istifadəsi ilə bağlı həyata keçirilmiş nəzarət tədbiri zamanı bəzi neqativ hallar aşkarlayıb.

Palatadan Trend-ə verilən məlumata görə, audit nəticəsində Komitə və onun tabeliyində olan qurumlar tərəfindən büdcə təkliflərində zəruri amillərin nəzərə alınmadığı, bəzi xərclər üzrə real tələbat və keçən illərin icra faizi nəzərə alınmadan artıq vəsaitlərin nəzərdə tutulduğu məlum olub.

Nəticədə auditlə əhatə olunan dövrdə ayrılan vəsaitin 7,7%-i istifadə olunmayaraq büdcəyə qaytarıldığı, əmək haqqı, mükafat və məzuniyyət haqqının ödənilməsi ilə bağlı bir sıra nöqsanlara yol verildiyi, beynəlxalq və respublika səviyyəli tədbirlərin keçirilməsi zamanı təsdiq edilmiş normalardan artıq vəsait xərc edildiyi, bəzi hallarda vəsaitin iqtisadi təsnifat kodunun dəyişdirilməklə icra olunduğu, ezamiyyə və avtomobil vasitələrinin saxlanılması ilə bağlı normativ-hüquqi aktlarda nəzərdə tutulmuş hədlərə riayət edilmədiyi müəyyən olunub.

Eyni zamanda, Komitə tərəfindən xərclər smetasında vəsait nəzərdə tutulmayan bir neçə tədbir üzrə vəsait ödənildiyi, dövlət rüsumunun məbləğinin bir çox hallarda dövlət büdcəsinə vaxtında köçürülmədiyi, qeyri-maddi aktivlərin (proqram təminatları) uçota alınmadığı, tam başa çatdırılmadığı halda standartların hazırlanmasına görə vəsait ödənildiyi, mühasibat uçotunun təşkili və aparılmasının müvafiq qaydada təmin edilmədiyi diqqətə çatıdırılıb.

İclasda Komitə tərəfindən toplanan rüsumların xərclənməsinə və büdcəyə köçürülməsində gecikdirilmə hallarına qəti yol verilməməsi, texniki tənzimləmə, standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya, keyfiyyətin idarə edilməsi və sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahələrində dövlət siyasətini və tənzimlənməsi istiqamətində qanunvericiliklə ona həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi məqsədi ilə aparılan yoxlamaların müvafiq qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməsi, yoxlamaların vahid məlumat reyestrinin yaradılması, yoxlamaların aparılması üzrə qərar və sərəncamların qəbulu və rəsmiləşdirilməsi ilə bağlı fəaliyyətə nəzarətin gücləndirilməsi tövsiyə olunmub.

İclasda nəzarət tədbirinin nəticələri ilə bağlı Kollegiya qərarının layihəsi müzakirə edilərək qəbul olunub və nöqsanların aradan qaldırılması məqsədilə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə göndərilib, auditin nəticələri üzrə Azərbaycan Respublikası Milli Məclisinə məlumat verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti