...

"Saxo Bank" ilin II rübü üçün maliyyə bazarları üzrə proqnozlarını dərc edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Aprel 2016 19:24 (UTC +04:00)
Siyasi və ictimai risklərin artımı 2016-cı ilin ikinci rübündə maliyyə bazarlarının qarşısında yaranan ən böyük çətinlikdir.
"Saxo Bank" ilin II rübü üçün maliyyə bazarları üzrə proqnozlarını dərc edib

Bakı. Trend:

Onlayn multi-aktivlərin ticarəti və investisiyalar üzrə ekspert sayılan "Saxo Bank" bu gün dünya bazarları üçün rüblük makroiqtisadi proqnozlarını və 2016-cı ilin ikinci rübünün əsas ticarət strategiyalarını dərc edib:

Siyasi qeyri-müəyyənlik, ABŞ seçkiləri ətrafında qarşıdurma əhval-ruhiyyəsinin artması və iyunda baş tutacaq Birləşmiş Krallığın Avropa İttifaqından (Aİ) çıxması haqda səsvermənin yaxınlaşması 2016-cı ilin ikinci rübündə maliyyə bazarları qarşısında duran ən böyük risklərdir. Dünya üzrə oxşar proseslərin baş verməsi sadalanan hadisələrin mahiyyətini artırır və hazırkı status-kvo ilə siyasi elitaya qarşı etirazlara işarə edir.

"Saxo Bank"ın baş iqtisadçısı Stin Yakobsen qeyd edib: "Səkkiz illik maliyyə böhranının nəticəsi olaraq, işçilərin əmək haqlarının həcmi ÜDM-ə nisbətdə tarixdə ən aşağı səviyyəyə, şirkətlərin vergilərə qədər qazancları isə ÜDM-ə nisbətdə rekord həddə çatıb. Həmçinin tarixdə ən aşağı xərclər və məhsuldarlıq qeydə alınıb. Bu xoşagəlməz üçlük kənar solçular və kənar sağçılar partiyalarının fəallığının artmasını izah edir, çünki onların platformaları hazırkı siyasi elitanın qərarlarından xeyli fərqlidir".

"Seçicilər üçün xaos dəyişməyən vəziyyətdən daha cəlbedici görsənir. Biz bu yeni paradiqmanı "ictimai müqavilənin pozulması" adlandırırıq".

Bütün baş verənləri nəzərə alaraq "Saxo Bank" 2016-ci ilin ikinci rübünə aşağıda sadalanan proqnozları dərc edib.

Valyuta bazarları ("Forex")

İkinci kvartalın əvvəlində ictimai müqavilənin pozulması nəticəsində ən böyük zərbənin funta dəyəcəyini gözləyirik, çünki Böyük Britaniya Avropa İttifaqından çıxmasına dair səsverməyə hazırlaşır. Praktiki olaraq bu hadisənin təsirini müəyyən etmək qeyri-mümkündür, lakin birbaşa valyutaya təsir edəcəyi və funtun məzənnəsinin dəyişkən olacağı aydındır.

İkinci rübdə bazar iştirakçıları Donald Trampın prezident olma ehtimalını və bu hadisənin ABŞ iqtisadiyyatı üçün, daha dəqiq desək dollar üçün hansı nəticələr gətirə biləcəyini dərindən düşünəcəklər. Sorğular Trampın prezident olma mümkünlüyünü göstərdiyi təqdirdə və ümumiyyətlə seçkilər yaxınlaşdıqca ABŞ dollarının zəifləmə riski böyüyür, çünki adıçəkilən namizəd naməlumluğun rəmzidir. Bu səbəbdən qeyri-sabitlik yeganə qarantiyadır.

Daha sonra ictimai müqavilənin Yaponiyada pozulma ehtimalı yaranır. Yaponiya bankının rəhbəri Haruhiko Kuroda asanlıqla 2%-lik inflyasiya məqsədinə çatacaq, lakin reallıqda bu göstərici -2% və ya daha aşağı ola bilər.

İstiqrazlar

Avropanın təxirsiz həllər tələb edən mühüm problemləri yenidən istiqraz bazarını qorxuda bilər, çünki "Brexit" qorxuları və Avropanın periferiyasında hakimiyyətə qarşı hərəkatlar bazarı çalxalaya bilər. Olduqca aşağı gəlirlik, tənzimləmənin sərtləşdirilməsi, hesabdan silinmiş borcların əmsalının artması və əsasən də az texnologiyalı biznes modellər səbəbindən biz ikinci rübün maliyyə kağızlarına ehtiyatla yanaşırıq.

Əmtəə aktivləri

Axır ki, əmtəə aktivləri bir neçə il ərzində genişmiqyaslı satışlardan sonra stabilləşməyə doğru gedir. Sahədə artım ən çox qızıl və neftdə müşahidə edilir. Birinci rüb ərzində hec-fondlar tərəfindən qızıl alışı dayanmadan həyata keçirilib və hec-fondlar 13 aya rekord qısamüddətli vəziyyətdən nəhəng uzunmüddətli vəziyyətə doğru inkişaf edib. Hadisələrin yüksək dinamikası qızılın bir unsiyasının qiymətinin 1 310 ABŞ dollarına çatmasına gətirəcək, lakin bu rəqəmi ötmək mümkün olmayacaq.

Bir rüb başa çatdı və "Brent" markalı neftin qiymətinin 12-illik minimuma çatması ilə əlaqədər yanvar ayının pessimist əhval-ruhiyyəsi də geridə qaldı. Neftin qiyməti üzrə proqnozumuz keçən rüb ilə eyni qalır - bir barelin qiyməti 35-40 ABŞ dolları təşkil edəcək, lakin artıq neftin qiymətinin düşməsinə səbəb ola biləcək əhəmiyyətli risk görmürük.

Səhmlər

2016-cı ilə qeyri-stabil başlanğıc fond bazarlarına neqativ təsir edib və bəzi sektorlar ucuz kateqoriyaya keçdi, bunu "MSCI World" indeksləri üçün yaradılmış qiymətləndirmə modelimiz göstərir. Nəticədə, diskret istehlak malları, materialları və maliyyə xidmətləri kimi dövri sektorlar öz standart qiymət göstəricilərindən xeyli ucuzlaşıb. İkinci rübdə biz bu sektorlarda öz iştirakımızı artırmağa çalışacağıq.

Makroiqtisadiyyat

Makroiqtisadi cəhətdən ikinci rübdə bizi bir neçə təhlükəli hadisə gözləyir: Açıq Bazarlar üzrə Federal Komitənin (FOMC) iyunun 15-də keçiriləcək iclası, Britaniyanın Avropa İttifaqından çıxmasına dair iyunun 23-də keçiriləcək referendum və İspaniyada yeni ümumi seçkilər. İnkişaf etmiş bazarların səhmləri ucuz olmadığından ikinci rübdə təxmin edilən FOMC-un dərəcəsinin artması problemsiz keçdiyi halda da fevral minimumlarından 10%-lik artım qiymətə təzyiq göstərəcək.

Fikirləşirik ki, İtaliya indeksi mənfəətin kəskin artımını nümayiş etdirə bilər, çünki ölkənin maliyyə sektoru bərpa olur və 3,5% həcmində divident ödəyir. Tərəzinin o biri tərəfində isə mənzil sektorunun dəstəyini itirmiş reallıqdan artıq qiymətləndirilmiş Britaniya iqtisadiyyatıdır.

"Saxo Bank" analitikləri tərəfindən 2016-cı ilin ikinci rübünə dair proqnozlar çərçivəsində hazırlanmış ticarət strategiyalarının tam siyahısı ilə bu link vasitəsilə tanış ola bilərsiniz: http://ru.saxobank.com/campaigns/essential-trades/2016-q2

"Saxo Bank" haqqında:

"Saxo Bank" özəl investor və korporativ müştərilərə ticarət üçün xidmətlər və investisiya strategiyasının tam spektrini təklif edən və multi-aktivlərin və investisiyaların online ticarəti ilə məşğul olan aparıcı peşəkar təşkilatdır. Onun TradingFloor.com maliyyə ictimai portalı multi-aktivlərin online ticarəti üçün ilk sosial platformadır. Avropada tam lisenziyaya malik olan "Saxo Bank" müştərilərinə kompüter, planşet və smartfonlarda vahid akkauntla 20 dildə əlçatan olan və mükafata layiq görülmüş " SaxoTrader" platforması vasitəsilə FX, CFDs, ETFs, "Stocks", "Futures", "Options" və s. platformalarda ticarət aparmaq imkanını yaradır. Sözügedən platformanı dünya üzrə 100-dən çox maliyyə təşkilatı bəyənib. "Saxo Bank" ənənəvi bank xidmətləri ilə yanaşı, "Saxo Privatbank" vasitəsilə peşəkar portfolio və pul vasitələri menecmentini də təklif edir. 1992-ci ildə təsis edilmiş "Saxo Bank"ın baş ofisi Kopenhagendə yerləşir. Bundan başqa, bankın Avropa, Asiya, Yaxın Şərq, Latın Amerikası, Afrika və Avstraliya da daxil olmaqla 26-dan çox ölkədə ofisləri fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti