Bakı. Trend:
İstehlakçıların hüquqlarının müdafiəsinin gücləndirilməsi sahəsində İqtisadiyyat Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən kompleks tədbirlərin həyata keçirilməsi davam etdirilir.
Nazirliyin mətbuat xidmətindən Trend-ə daxil olan məlumata görə, bu istiqamətdə növbəti tədbir iyulun 22-də Balakən rayonunda keçirilib.
Aidiyyəti dövlət qurumlarının, ictimai təşkilatların nümayəndələrinin və 120-ə yaxın istehlakçının iştirakı ilə keçirilən “Hər bir istehlakçı öz hüquqlarını bilməli və tələb etməlidir” mövzusunda tədbirdə çıxış edən Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəis müavini Araz Əliyev istehlakçı hüquqlarının qorunmasında maarifləndirmənin, təbliğat-təşviqat işlərinin əhəmiyyətindən danışıb, Xidmətin həyata keçirdiyi maarifləndirmə tədbirləri, istehlakçıların hüquqlarının qorunması sahəsində qanunvericilik barədə məlumat verib, istehlakçı hüquqlarının təmin olunmasında dövlət orqanları ilə istehlakçılar arasında əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıb.
Konfransda Xidmətin əməkdaşları istehlakçı hüquqlarına dair məruzələrlə çıxış edib, xidmət qaydalarının tələblərinə əməl olunması və xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər, istehlakçıların ərzaq malları alarkən diqqət yetirməli olduğu məsələlər, ictimai-iaşə və xidmət müəssisələrinin vəzifələri barədə ətraflı məlumat verib, tədbir iştirakçılarının suallarını cavablandırıblar.
Həmin gün Dövlət Xidməti tərəfindən Balakən rayonunda fəaliyyət göstərən və malları (işləri, xidmətləri) dövlət vəsaitləri hesabına satın alan təşkilatların nümayəndələri üçün təlim kursu keçirilib.
Təlim kursunda iştirakçılara dövlət vəsaitlərindən daha səmərəli istifadə edilməsi, dövlət satınalmaları sahəsində mövcud qanunvericilik, satınalma prosesində rəqabət, ədalət və şəffaflığın təmini, satınalma prosedurlarına əməl olunması və səmərəliliyin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat veriib, təlim iştirakçılarının sualları cavablandırılıb.