...

Tütünün keyfiyyətinin artırılması üçün Azərbaycana xarici mütəxəssislər cəlb edilməlidir

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Avqust 2017 14:08 (UTC +04:00)
Hazırda dünya tütün bazarındakı vəziyyəti nəzərə alaraq Azərbaycan istehsal olunan tütünün keyfiyyətini artırmalıdır.
Tütünün keyfiyyətinin artırılması üçün Azərbaycana xarici mütəxəssislər cəlb edilməlidir

Bakı. Ənvər Məmmədov - Trend:

Hazırda dünya tütün bazarındakı vəziyyəti nəzərə alaraq Azərbaycan istehsal olunan tütünün keyfiyyətini artırmalıdır.

Bunu Trend-ə “European Tobacco Baku” şirkətinin İdarə Heyətinin sədri Rüfət Quliyev deyib.

Onun sözlərinə görə, bu gün dünya tütün bazarı faktiki olaraq beş-altı iri beynəlxalq şirkət arasında bölünüb və onlar bazarın 75-80 faizinə nəzarət edir.

R.Quliyev qeyd edib ki, tütünün keyfiyyətinin artırılması və ölkə üzrə istehsalının 12 min tona çatdırılması üçün artıq bu il ölkəyə xarici şirkətləri dəvət etmək və onlarla əməkdaşlığı təşkil etmək lazımdır: “Ölkədəki iqtisadi vəziyyət stabildir, fermerlərə lazımi dövlət dəstəyi göstərilir, subsidiyalar və güzəştli kreditlər verilir. Bundan başqa, ölkədə tütün istehsalı üçün əlverişli iqlim şəraiti mövcuddur. Bütün bu amillər bizə imkan verir ki, xarici şirkətləri dəvət edək və onlarla müqavilələr imzalayaq”.

O əlavə edib ki, Azərbaycan tütün istehsal etmək gücündə olsa da, xaricə çıxdıqdan sonra bu məhsul xarici şirkətlərin xammalı ilə rəqabət aparmalı olacaq: “Onlarla rəqabət aparmaq isə həm keyfiyyət, həm qiymət baxımından çox çətin olacaq. Ona görə də, dövlət tərəfindən yaradılan şəraiti nəzərə alaraq, keyfiyyətin artırılması məqsədilə mütəxəssislər dəvət etmək lazımdır”.

R.Quliyev onu da qeyd edib ki, tütünün əkin sahəsinin artırılması və tütünçülüyün inkişafı həm də sosial yönümlü proqramdır.

Onun sözlərinə görə, bu sahənin inkişafı 40 mindən çox insanın işlə təmin olunmasına imkan verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti