Bakı. Trend:
Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Azərbaycan hökuməti ilə dayanıqlı maliyyə sektorunun inkişafı üzərində işləyəcək.
Bunu Trend-ə özəl müsahibəsində IFC-nin Cənubi Qafqaz üzrə regional meneceri İvana Fernandes Duarte deyib.
“Dünyanın COVID-19 pandemiyasından çıxdığı vaxtda IFC özəl sektor diqqət mərkəzində olmaqla dayanıqlı, inklüziv artım yolunda Azərbaycanı dəstəkləməyə hazırdır. İqlim dəyişiklikləri ilə mübarizə bizim qlobal prioritetlərimiz sırasında olduğu üçün “yaşıl” və dayanıqlı bərpanın dəstəklənməsi IFC-nin Azərbaycandakı başlıca prioritetlərindən biridir. Priroritetlər enerji keçidinin dəstəklənməsi və alternativ enerji mənbələrindən elektrik enerjisi istehsalına investisiyaları əhatə edir. Azərbaycan 2030-cu ilədək parnik qazı tullantılarının 35 faiz azaltmaq öhdəliyi götürüb. Bu kontekstdə dənizdə külək enerjisi daha çox vədedici görünür. Dünya Bankının Enerji sektorunun idarə olunmasına yardım proqramının təqdim etdiyi təhlilə əsasən, Azərbaycanın dənizdə külək enerjisi potensialı 157 giqavatt təşkil edir. Bu, Azərbaycanın təxmin 8 giqavatt səviyyəsində ümumi generasiya gücü ilə müqayisədə nəhəng göstəricidir”, - İ.Duarte bildirib.
O qeyd edib ki, IFC artıq Azərbaycan Energetika Nazirliyi ilə ölkənin bərpa olunan enerji mərkəzinə çevrilməsi üçün yol xəritəsinin hazırlanmasna başlayıb.
Regional menecer əlavə edib ki, bu iş IFC-nin Dünya Bankının Enerji sektorunun idarə olunmasına yardım proqramı ilə birgə təşəbbüsün hissəsidir.
“Biz, həmçinin IFC-nin dəstəklədiyi Dayanıqlı bankçılıq və maliyyə şəbəkəsinin (SBFN) iştirakçısı qismində Azərbaycan Mərkəzi Bankı ilə əməkdaşlığa ümid edirik. Bu səylər çərçivəsində IFC hökumətlə Azərbaycanın dayanıqlı və “yaşıl” iqtisadiyyata keçidini dəstəkləyəcək dayanıqlı maliyyə sektorunun inkişafı üzərində işləyəcək”, - İ.Duarte deyib.
Twitter: @Lyaman_Zeyn
(Tərcümə: Orxan Nəbiyev)