Bakı. Trend:
Azərbaycan-İraq Biznes Şurası sahibkarların təşəbbüslərini dəstəkləyəcək, onlar arasında birbaşa əlaqələrin qurulmasına, qarşılıqlı səfərlərin, görüşlərin və müxtəlif tədbirlərin təşkilinə kömək edəcək, iş adamları arasında informasiya mübadiləsini həyata keçirəcək.
Bu barədə Trend-in sorğusuna cavab olaraq İqtisadiyyat Nazirliyindən bildirilib.
Qeyd olunub ki, Azərbaycan və İraqın işgüzar dairələri arasında əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə cari ilin sentyabrında Bakıda keçirilən Azərbaycan-İraq biznes forumu çərçivəsində Azərbaycan-İraq Biznes Şurasının yaradılması haqqında sənəd imzalanıb. Bildirilib ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və İraq Ticarət Palataları Federasiyası arasında imzalanmış sənədə əsasən Biznes Şurada hər iki ölkədən biznes nümayəndələrinin təmsil olunması nəzərdə tutulur.
“Biznes Şura sahibkarların təşəbbüslərini dəstəkləyəcək, onlar arasında birbaşa əlaqələrin qurulmasına, qarşılıqlı səfərlərin, görüşlərin və müxtəlif tədbirlərin təşkilinə kömək edəcək, iş adamları arasında informasiya mübadiləsini həyata keçirəcəkdir. Hazırda Biznes Şuranın təşkili istiqamətində müvafiq işlər görülür”, - deyə məlumatda vurğulanıb.
Qeyd edək ki, ötən ay Bakıda keçirilən Azərbaycan-İraq biznes forumu çərçivəsində iki ölkə arasında Biznes Şurası yaradılıb. Bununla bağlı iki ölkə arasında müvafiq razılaşma imzalanıb. Sənədi Azərbaycanın İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və İraqın Ticarət Palataları Federasiyasının prezidenti Abdulrazaq Al Zuheyri imzalayıb.