Almatı. Trend:
2024-cü ilin yekunlarına əsasən, Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) töhfə verən layihələrin bankın portfelindəki payının 21 faiz səviyyəsində olması proqnozlaşdırılır ki, bu da təxminən 1,1 milyard ABŞ dollarına bərabərdir.
Trend xəbər verir, bu barədə Avrasiya İnkişaf Bankının (AİB) İdarə Heyətinin sədri Nikolay Podquzov Almatıda (Qazaxıstan) keçirilən yekun mətbuat konfransında bildirib.
"2026-cı ilə qədər DİM-lərə töhfə verən layihələrin portfeldəki payı ən azı 25 faizə çatmalıdır. Bu istiqamətdə strategiyamızın göstəricilərini qabaqlayaraq irəliləyirik", - N.Podquzov bildirib.
Onun sözlərinə görə, bank qarşısına qoyulan vəzifələri yerinə yetirir, maliyyə baxımından dayanıqlıdır və inkişaf potensialını reallaşdırır.
"Bankın fəaliyyətinə töhfənin miqyasını göstərən əsas göstəricilərdən biri investisiyaların hədəf həcmi hesab olunur. Beşillik dövr üçün bu həcmin 10,9 milyard ABŞ dolları səviyyəsində olması planlaşdırılır", - deyə o əlavə edib.