...

Azərbaycanda "quş qripi" üzrə növbəti monitorinq başlandı

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Avqust 2006 19:47 (UTC +04:00)

Azərbaycanın Dövlət Baytarlıq Xidməti respublikada "quş qripi"nin köçəri quşlarla keçmə ehtimalı ilə əlaqədar monitorinq keçirir. Trend xəbər verir ki, bu barədə xidmətdən bildiriblər. Belə tədbirlərdən biri bu gün başlanıb. Monitorinq baytarlıq xidmətinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Səhiyyə Nazirliyinin mütəxəssisləri tərəfindən aparılır.

Bu nəzarət tədbiri milli park, qoruq və köçəri quşların ehtimal olunan müvəqqəti məskunlaşdığı bu və ya digər ərazilərdə həyata keçiriləcək. Bundan əlavə, qrup quşçuluq və şəxsi təsərrüfatlardan da qan nümunələri götürəcək. Götürülmüş nümunələr Respublika Baytarlıq Laboratoriyasında tədqiq olunacaq. Monitorinq avqustun 25-də başa çatacaq. Müayinələrin nəticələri bir neçə gün sonra bilinəcək.

"Quş qripi"ndən qorunmaq üçün sərhədlərdə gücləndirilmiş baytarlıq nəzarəti təmin olunub. Bundan başqa, diri quşun, quş məhsullarının, yem və yem əlavələrinin gətirilməsinə qoyulmuş qadağa davam etməkdədir.

Köçəri quşların ovuna, satışına və qida məhsulu kimi istifadəsinə qoyulmuş qadağa da qüvvədə qalmaqdadır.

Xəbər lenti

Xəbər lenti