...

Türkiyə və Azərbaycan vətəndaşları bu ölkələrdə işsizlik sığortasına və əmək pensiyalarına malik olacaqlar

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Sentyabr 2006 13:14 (UTC +04:00)

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Əmək və Sosial Müdafiə sahəsinə dair Birgə Daimi Komissiyanın Bakıda keçirilən üçüncü iclası başa çatıb. Trend in məlumatına görə, sentyabrın 18-də "Hyatt Regensy" otelində Azərbaycanın əmək və sosial müdafiə naziri Fizuli Ələkbərovla türkiyəli həmkarı Murad Başeskioğlu arasında üçüncü iclasın prtokolu imzalanıb, bundan sonra nazirlər KİV-lər üçün mətbuat konfransı keçiriblər.

Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov Birgə Daimi Komissiyanın 3-cü iclası barədə məlumat verərək qeyd edib ki, tərəflər arasında imzalanan sənəd iki ölkənin vətəndaşlarının həyat tərzinin yüksəldilməsi, əmək və iş hüquqları və şəratinin yaxşılaşdırılması məqsədi daşıyır. F.Ələkbərovun sözlərinə görə, Azərbaycan və Türkiyədə hər iki ölkənin qeydiyyatsız fəaliyyət göstərən vətəndaşları çalışır. Belə ki, Türkiyədə 100 min azərbaycanlı, Azərbaycanda isə 13-15 min türk çalışır. Həmçinin ölkəmizdə 3 minə yaxın türk şirkəti fəaliyyət göstərir. F.Ələkbərovun sözlərinə görə, Azərbaycana xarici sərmayə axınının stimullaşdırılmsında türk iş adamlarının, firmalarının da mühüm rolu var.

F.Ələkbərov əlavə edib ki, türkiyəli nazirin Azərbaycanda diqqətini çəkən məsələlərdən biri ölkəmizdə ailələrə ünvanlı sosial yardımın ayrılması olub. Nazirin sözlərinə görə, bu yardımla bağlı 300 minə yaxın müraciət olsa da, hələlik onlardan yalnız 10 faizinə bu yardımlar göstərilib. Lakin əhalinin faydalı məşğulluğu yönündə tədbirlər davam etdirilir.

Türkiyənin əmək və sosial müdafiə naziri Murad Başeskioğlu isə bildirib ki, tərəflər arasında imzalanan sazişlərə əsasən, hər iki ölkənin vətəndaşları işsizlik sığortasından istifadə edəcəklər. Həmçinin ölkələr qarşılıqlı şəkildə təcrübə, məlumat mübadiləsi aparacaq, insanların sosial rifahının yüksəldilməsi üçün işbirliyi yaradacaq. M.Başekioğlunun sözlərinə görə, eyni zamanda hər iki ölkə vətəndaşları çalışdıqları ölkədə (Türkiyədə, Azərbaycanda) əməklilik hüququna da (əmək pensiyası) malik olacaq. Nazir əlavə edib ki, Azərbaycanın iqtisadi inkişafı artdıqca Türkiyə firmalarının burada fəaliyyəti daha da genişlənəcək.

Tükiyəli nazirin Azərbaycana rəsmi səfəri bununla başa çatıb və o, bu gün ölkəsinə yola düşəcək.

Xəbər lenti

Xəbər lenti