Almaniyanın İnkişaf Bankı (KFW) və İsveçrənin iqtisadi məsələlər üzrə Dövlət Katibliyi (Seco) Berndə Gəncə və Şəki şəhərlərində su təchizatı və kanalizasiya sisteminin bərpasını nəzərdə tutan bələdiyyə infrastrukturu-2 açıq proqramının maliyyələşdirilməsinə dair kredit və qrant sazişi imzalayıb. Trend in Seco-nun məlumatına istinadən xəbər verdiyi kimi, bu sazişləri 30 avqust 2006-cı ildə Bakıda baş nazirin müavini Abid Şərifov imzalayıb.
Bu sənədlərin imzalanması layihə üzrə hazırlıq mərhələsi və danışıqların başa çatması və sənədin gerçəkləşdirilməsi fazasının başlanması deməkdir. Hazırda layihənin həyata keçirilməsində "Azərsu"ya kömək edəcək konsaltinq şirkətinin seçilməsi üzrə tender keçirilir.
Layihə Gəncə və Şəki şəhərlərində su təchizatı və kanalizasiya sisteminin keyfiyyətinin yaxşılaşmasını nəzərdə tutur. Layihənin büdcəsi 55 mln. avro təşkil edir. İmzalanmış sazişlərə uyğun olaraq layihənin gerçəkləşdirilməsi üçün KFW 37 mln. avro, Seco isə 10 mln. avro (qrant formasında) kredit ayıracaq. Layihdə Azərbaycan hökumətinin payı 8 mln. avro təşkil edir. Bu layihə Gəncə və Şəki şəhərlərində əhalinin həyat şəraitinin yaxşılaşmasına əhəmiyyətli təsir edəcək.