...

Müəssisə rəhbəri: "Gəncə Avtomobil Zavodu Azərbaycanın bütün regionlarında servis mərkəzləri açacaq"

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 İyul 2007 13:09 (UTC +04:00)
Müəssisə rəhbəri: "Gəncə Avtomobil Zavodu Azərbaycanın bütün regionlarında  servis mərkəzləri açacaq"

Azərbaycan, Bakı/ Trend müxbir S.Əliyev/ Gəncə Avtomobil Zavodu Azərbaycanın bütün regionlarında öz məhsullarına zəmanətli xidmət və təmir üçün servis mərkəzlərinin açılması proqramının həyata keçirilməsinə başlayır. Bu barədə cümə axşamı Gəncə Avtomobil Zavodunun direktoru Xanlar Fətiyev məlumat verib. Servis mərkəzlərinin açılması traktor və avtomobil sahiblərinə yerindəcə və qısa müddətdə xidmət göstərməyə imkan verəcək.

Avqust-sentyabr aylarında regionlarda zavodun nümayəndəliklərinin müəyyən olunması üçün tender elan olunacaq.

Ötən həftə zavod Minsk Traktor Zavodu ilə imzalanmış müqavilə çərçivəsində üç yeni modifikasiyalı traktorun yığılmasına başlayıb. Müəssisədə Belarus 895, Belarus1025 və Belarus 80 X (pambıq yığımı üçün) marakalı traktorların yığılmasına başlanılıb. Beləliklə zavodda yığılan müxtəlif modifikasiyalı traktorların sayı 6-ya çatdırılıb.

Birinci yarımildə müəssisədə 150 traktor yığılıb. Onların dəyəri 13 min manatdan 35 min manata qədər dəyişir.

Azərbaycanda müxtəlif yük avtomobillərinin və traktorların yığılması və satılması haqqında Minsk Avtomobil və Minsk Traktor Zavodları ilə müqavilə 2006-cı ilin sonunda Minskdə imzalanıb. Yığım 15 min kvadratmetr sahədə həyata keçirilir.

Gəncə Avtomobil Zavodu Azərbaycanda ildə 1000 yük maşını və 2000 traktor yığmaq gücündədir.

Avtomobillərin buraxılışında iştirak edən və buraxılan məhsulun mütəmadi monitorinqini həyata keçirən Minsk Avtomobil Zavodunun mütəxəssisləri məhsulun Belarus zavodlarındakı keyfiyyət və standartlara tamamilə uyğun olduğunu bildirirlər.

Xəbər lenti

Xəbər lenti