Azərbaycan, Bakı, 10 oktyabr/ Trend , müxbir E.İsmayılov/ SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) 2009-cu ilin əvvəlində Çaladidi dəmir yolu stansiyasından şirkətə məxsus Gürcüstanın Kulevi limanının neft terminalına gedən yeni dəmir yolu xəttinin tikintisinə başlayacaq. Bu barədə cümə axşamı terminaldan, layihəyə yaxın mənbədən məlumat verilib.
"Hazırda terminala gedən bir dəmir yolu var ki, bu da münasib deyil. İşin daha səmərəli olması üçün, gələn ilin əvvəlində dəmir yolunun ikinci hissəsinin tikintisinə başlanacaq", - deyə mənbə bildirib.
Bir dəmir yolunun olması ona görə münasib deyil ki, sistern terminala bir yol ilə gəlir, boşaldılır, sonra elə həmin yol ilə geri qayıdır. Əlavə yolun tikilməsindən sonra qatarlar terminala bir yol ilə gələcək, digər dəmir yolu ilə qayıdacaq ki, bu da neft və neft məhsulları ilə yüklənmiş sisternlərin boşaldılma prosesini yüngülləşdirəcək və sürətləndlirəcək.
Yeni dəmir yolu xəttinin uzunluğu 13 km təşkil edəcək. Mənbənin bildirdiyinə görə, layihənin smeta dəyəri hələ müəyyən olunmayıb.
SOCAR Gürcüstanın ən iri dəmir yolu stansiyalarından biri olan Santredidəki (Kulevidən 70 km məsafədə) terminalın iş səmərəliliyinin artırılması üçün umumi uzunluğu 5 km olan altı dəmir yolu xəttinin yenidən qurulmasını həyata keçirir. Oktyabrın sonunadək burada işlər başa çatmalıdır. Bu layihənin reallaşdırılma dəyəri 3 mln. gürcü larisi (2 mln. ABŞ dollarından çox) təşkil edir. Kulevi terminalına daxil olmaq üçün öz növbəsini gözləyən qatarların bir hissəsi məhz bu stansiyada dayanır.
Oktyabrın sonunda Aqurkarxana ( 815 metr) və Kvanoli ( 720 metr) dəmir yolu stansiyaları yaxınlığında əlavə dəmir yolu xətlərinin tikintisinə başlanacaq. Buradakı işlər də SOCAR tərəfindən həyata keçiriləcək. Bu iki stansiya Santredi və Çaladidi stansiyaları arasında yerləşir.
Kulevi terminalı eyni vaxtda 168 sistern-vaqonu qəbul edə bilər. Terminalın ümumi aşırma gücü 2 mln. ton xam neft, 3 mln. ton dizel yanacağı, 4 mln. ton mazut daxil olmaqla ildə 10 mln. maye neft məhsulları təşkil edir. Terminalın çən parkının ümumi tutumu 320 min kubmetrdir. Terminal dörd dəmir yolu, giriş kanalı və üç yanalma körpüsünə malikdir.
Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]