...

SOCAR Xəzərdə yeni quyunu istismara verməyə hazırlaşır

Energetika Materials 29 İyun 2009 17:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 iyun / Trend , müxbir E.İsmayılov /

SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) ay ərzində Xəzərin Azərbaycan sektorunda yerləşən "Günəşli" neft-qaz yatağının dayaz hissəsində yeni quyunu istismara verməyə hazırlaşır. Bu barədə bazar ertəsi SOCAR-dan olan mənbə bildirib. Bu yatağın dayaz hissəsini SOCAR özü işləyir.

"Quyunun qazılması üzrə işlər davam etdirilir və ay ərzində onların başa çatdırılması planlaşdırılır", - mənbə bildirib.

Onun sözlərinə görə, quyunun layihədə nəzərdə tutulmuş 3750 metr dərinliyə çatmağa 1000 metr qalıb.

"Proqnozlara görə, SOCAR bu il "Günəşli" yatağının dayaz hissəsindən 6,9 milyard kubmetr qaz hasil etməyi planlaşdırır", - əvvəllər mənbədən verilən məlumatda bildirilib.

Yeni quyuların qazılması "Günəşli" dəniz neft-qaz yatağının dayaz hissəsini işləyən "28 may" NQHİ-nin (Neft Qaz Hasilatı İdarəsi) inkişafı proqramı (SOCAR tərəfindən 2008-2010-cu illərə təsdiq olunub) çərçivəsində həyata keçirilir. Proqram çərçivəsində neftin hasilatının stabilləşdirilməsi və təbii qazın hasilatının həcminin artırılması planlaşdırılır.

SOCAR öz qaz proqramı çərçivəsində bu il işlədiyi yataqlardan 8 milyard kubmetr qaz hasil etməyi planlaşdırır. Onun 7 milyard kubmetri dövlətə veriləcək. Qazın qalan hissəsi şirkətin öz ehtiyacları üçün istifadə olunacaq. Yataqlara neftin ötürülməsini artırmaq üçün qaz laylara doldurulacaq.

"Günəşli" (onun dayaz hissəsi) SOCAR tərəfindən işlənilən ən böyük neft-qaz yatağıdır. Yatağın payına SOCAR tərəfindən hasil olunan bütün neftin 60 faizi və ümumi qazın həcminin 70 faizi düşür. Yataq SOCAR-ın "28 may" NQHİ-nin balansındadır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti