Azərbaycan, Bakı, 9 fevral / Trend /
Bakı-Tbilisi-Ceyhan neft kəməri vasitəsi ilə yanvarda 3,04 milyon ton Azərbaycan nefti ixrac edilib. Bu barədə ARDNŞ-in (Azərbaycan Dövlət Neft Şirkəti) cümə günü yayılan məlumatında bildirilib. Fevralin 1-ə olan məlumata əsasən, bu neft kəməri fəaliyyətə başlayandan onun vasitəsilə 109,6 milyon ton neft ixrac olunub.
Türkiyənin Ceyhan limanından yanvarda dünya bazarına 2,8 milyon ton Azərbaycan nefti göndərilib. Bakı-Tbilisi-Ceyhan neft kəməri fəaliyyətə başlayandan sonra 2010-cu ilin fevralın 1-nə olan məlumata əsasən, Ceyhandan dünya bazarına 107,5 milyon ton neft göndərilib.
Neft kəməri vasitəsilə "Tenqiz" neft yatağından Qazaxıstan nefti bu ilin yanvarına kimi nəql edilib. Bakı-Tbilis-Ceyhan neft kəməri vasitəsi ilə bu neftin nəqli bu ilin əvvəlindən başlayaraq dayandırılıb.
BTC boru kəmərinin ümumi uzunluğu 1768 kilometrdir ki, bunun da 443 km-i Azərbaycanın, 249 km-i Gürcüstanın, 1076 km-i isə Türkiyənin ərazisindən keçir. Boru kəmərinin inşasına 2003-cü ilin aprelində, neftlə doldurulmasına isə 2005-ci ilin mayın 18-də başlanılıb.
BTC neft kəmərinin inşası 4 milyard dollara başa gəlib. Bu, inşaat işlərinə sərf edilən vəsaitdir. Boru kəmərinin doldurulması, maliyyə xərcləri və bank faizləri bu məbləğə daxil deyil. Ümumi maliyyə kreditinin məbləği 2,6 milyard dollar təşkil edir.
BTC Co-nun səhmdarları aşağıdakılardır: BP (30,1 faiz); AzBTC (25 faiz); Chevron (8,90 faiz); Statoil (8,71 faiz); ТРАО (6,53 faiz); Eni (5 faiz ); Total (5 faiz); Itochu (3,40 faiz ); Inpex (2,50 faiz); ConocoPhillips (2,50 faiz) və Amerada Hess (2,36 faiz).