...

Azərbaycan İrana qaz ixrac etmək üçün yeni qaz kəməri inşa edəcək

Energetika Materials 12 Fevral 2010 13:30 (UTC +04:00)
ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) İrana qaz ixrac etmək üçün yeni qaz kəməri inşa etmək niyyətindədir. Bu barədə "Azəriqaz" İstehsalat Birliyinin sədr müavini Nazim Səmədzadə cümə günü mətbuat konfransında deyib.
Azərbaycan İrana qaz ixrac etmək üçün yeni qaz kəməri inşa edəcək

Azərbaycan, Bakı, 12 fevral / Trend , müxbir E.İsmayılov/

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) İrana qaz ixrac etmək üçün yeni qaz kəməri inşa etmək niyyətindədir. Bu barədə "Azəriqaz" İstehsalat Birliyinin sədr müavini Nazim Səmədzadə cümə günü mətbuat konfransında deyib.

"Hazırda Səngəçal-Azadkənd-Astara yeni qaz kəməri layihəsi üzərində iş aparılır. Yeni qaz kəmərinin inşasına bu il başlanılması gözlənilir", - Səmədzadə deyib.

Onun sözlərinə görə, yeni 200 kilometrlik qaz kəmərinin layihə üzrə sutkalıq ötürücülük qabiliyyəti 18 milyon kubmetr təşkil edəcək (illik 6,57 milyard kubmetr). Yeni qaz kəmərinin inşa edilməsi qərarının qəbul edilməsi onunla əlaqədardır ki, Azərbaycan və İranı birləşdirən mövcud qaz kəməri aşağı təzyiqli qaz nəqli üçün nəzərdə tutulub və bu da cənub istiqamətinə qaz ixracı həcminin artırılmasına imkan vermir.

Yeni qaz kəməri inşasının yekunlaşdırılması 2012-ci ilə planlaşdırılır. Qaz kəməri ARDNŞ-in vəsaitləri hesabına inşa ediləcək.

Hazırda Azərbaycandan İrana nəql edilən Azərbaycan qazının həcmi sutkada 1,2 - 1,3 milyon kubmetr təşkil edir. Qaz həcminin hamısı svop əməliyatı çərçivəsində tədarük edilir və Naxçıvan Muxtar Respublikasının tələbatını ödəmək üçün İrana tədarük edilir.

Fevralın sonundan etibarən əvvəl imzalanmış müqavilə çərçivəsində Azərbaycan qazının İrana kommersiya ixracının başlanması gözlənilir. Kommersiya ixracı çərçivəsində tədarük ediləcək qazın həcmi sutkada 1,2 - 1,5 milyon kubmetr qaz təşkil edəcək.

Naxçıvan üçün nəzərdə tutulan qaz ilə birlikdə İrana ümumi qaz ixracının həcmi sutkada 2,6 - 2,7 milyon kubmetr təşkil edəcək.

ARDNŞ və NIGEC yanvarın ilk yarısında Bakıda Azərbaycan qazının İrana tədarükünə dair qısamüddətli müqavilə imzalayıb. Müqavilə bu ilin mart-aprel aylarınadək 100 milyon kubmetr (sutkada 1,2 milyon kubmetr qaz) Azərbaycan qazının İrana tədarükünü nəzərdə tutur. Azərbaycan qazı İranın əsas yataqlarından uzaqda yerləşən şimal rayonlarına tədarük ediləcək.

Azərbaycan və İranı uzunluğu 1474,5 km olan "Qazıməhəmməd-Astara-Bind-Biand" qaz kəməri birləşdirir. Qaz kəmərinin Azərbaycan ərazisindəki hissəsinin uzunluğu 296,5 kilometrdir. Onun buraxılış gücü ildə 10 mlrd. kubmetrdir. Bu marşrut 1971-ci ildə istismara verilən Qazax-Astara-İran boru kəmərinin qoludur. Onun üzərində Qazıməmhəməd, Ağdaş və Qazaxda üç kompressor stansiyası tikilib. Qaz nəqliyyatı sistemi 55 atmosfer təzyiqinə hesablanıb. Boru kəmərinin diametri 1200 mm-dir.

Xəbər lenti

Xəbər lenti