...

ARDNŞ Türkiyənin daxili enerji bazarında fəal oyunçuya çevriləcək - ekspert

Energetika Materials 13 Oktyabr 2010 16:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 oktyabr /Trend, müxbir R.Rəhimov/

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "Qazprom" kimi şirkətlərlə yanaşı, Türkiyənin daxili enerji bazarında fəal oyunçuya çevriləcək. Bu barədə çərşənbə günü Trend-ə Türkiyənin Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (TÜRKSAM) rəhbəri, Trend-in Ekspert Şurasının üzvü Sinan Oğan bildirib.

Yaxın vaxtlarda ARDNŞ və Türkiyənin "Botaş" Dövlət boru kəməri şirkəti müqavilə imzalayacaqlar. Həmin müqavilə türk şirkətinin ARDNŞ-nin Türkiyədəki törəmə şirkətinə qaz verməsini və onun sonradan Türkiyənin daxili bazarında satışını nəzərdə tutur.

"Hər halda, bu o deməkdir ki, ARDNŞ "Qazprom" kimi, Türkiyənin daxili tələbatı üçün qaz tədarükündə müstəqil energetik rolunu oynamağa hazırlaşır", - Oğan deyib.

Onun sözlərinə görə, bu, Türkiyə bazarının liberallaşmasına gətirib çıxaracaq və ARDNŞ ilə saziş buna parlaq misaldır. "Bu, Türkiyə bazarının liberallaşması üçün çox mühüm hadisədir", - Oğan deyib.

Bununla yanaşı, türk ekspertin sözlərinə görə, unutmaq olmaz ki, ARDNŞ Türkiyədə qaza ehtiyacı olan böyük "Petkim" neft-kimya kompleksinin sahibidir.

Qazın əsas həcmi "Petkim" neft-kimya kompleksi üçün nəzərdə tutulub. Əgər artıq qaz yaranarsa, o, Türkiyənin daxili bazarında satılacaq.

Azərbaycanın Sənaye və Energetika Nazirliyi ilə Türkiyənin Energetika və Mineral Ehtiyatlar Nazirliyi arasında imzalanmış qarşılıqlı anlaşma haqqında memoranduma görə, ARDNŞ-nin affilə olunmuş şirkəti hər il "Botaş"dan Azərbaycanın "Şahdəniz" yatağının işlənməsinin birinci mərhələsi çərçivəsində Türlkiyə üçün müqavilədə nəzərdə tutulmuş 6,6 milyard kubmetr qazın 1,2 milyard kubmetrini alacaq. "Botaş" ARDNŞ üçün qazı 2016-cı ilin sonunadək nəql edəcək.

1,2 milyard kubmetr həcmində qazın qiyməti idxal olunan qazın dəyərindən, ölkə daxilindəki ixrac xərclərindən və digər vergi rüsumlarından əmələ gələcək.

Göstərilən həcmin tədarükünün kommersiya şərtləri ARDNŞ və "Botaş" şirkətləri arasındakı müqavilənin "al və ya ödə" bəndi əsasında razılaşdırılacaq.

Eləcə də imzalanan memoranduma görə, "Botaş" Suriyaya və ya Bolqarıstan və Yunanıstana razılaşdırılacaq şərtlərlə ixrac həyata keçirmək məqsədilə iki milyard kubmetr qaz nəql edəcək.

Xəbər lenti

Xəbər lenti