Misirin Neft Naziri Samih Fəhminin dəvəti ilə Azərbaycan Respublikasının Sənaye və Energetika Naziri Natiq Əliyev 2010-cu ilin 14-17 dekabrında
Misirin İsgəndəriyyə və Qahirə şəhərlərində səfərdə olmuşdur, məlumatı Azərbaycanın Misirdəki səfirliyi yaydı.
Səfər müddətində Natiq Əliyevi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndələri və Azərbaycan Dövlət Neft Akademiyasının rektoru akademik Siyavuş Qarayev müşayiət etmişlər.
Səfər çərçivəsində Natiq Əliyev Misirin Baş Naziri Əhməd Nəzif, Neft Naziri Samih Fəhmi ilə görüşmüş, İsgəndəriyyə şəhəridə yerləşən "MİDOR-Middle East Oil Refinery", "SUMED-Arab Petrolium Co", "Enppi-Engineering for the petroleum and Process İndustries" və "Petrojet" kimi neft və qazın qəbulu, emalı və nəqli ilə məşğul olan və neft-kimya məhsullarını istehsal edən şirkətlərin texniki imkanları ilə yaxından tanış olmuş və bu şirkətlərin ekspertlərinin təqdim etdiyi prezentasiyaları dinləmişdir.
Misirin Baş naziri Əhməd Nəzif ilə görüşdə Azərbaycan və Misir xalqları arasında tarixi dostluq əlaqələrinin olduğunu bildirən Natiq Əliyev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1994-cü ildə Qahirəyə səfər etdiyini xatırladı. bu səfərin Azərbaycan ilə Misir arasında daim dərinləşən dostluq münasibətlərinin inkişafında xüsusi rola malik olduğunu bildirdi. Natiq Əliyev Azərbaycan Prezidenti İlham Əliyevin 2007-ci ilin mayında Misirə səfərini və Misirin Prezidenti Hüsnü Mübarək ilə keçirdiyini görüşünü qeyd edərək, prezidentlərin ikitərəfli əlaqələrin daha da yaxınlaşmasına və yeni əməkdaşlıq sahələrinin inkişafına mühüm əhəmiyyət verdiklərini qeyd etmişdir.
Hər iki ölkənin malik olduğu iqtisadi potensialı nəzərə alaraq, yanacaq və energetika sahəsi daxil olmaqla, ikitərəfli əməkdaşlığın daha da inkişafı və ticarət dövriyyəsinin artırılması üçün əlverişli imkanların olduğunu diqqətə çatdırmışdır.
Baş Nazir Əhməd Nəzif Misir və Azərbaycan arasındakı tarixi dostluq əlaqələrindən çıxış edərək, Missirin Azərbaycan ilə əlaqələrin daha da inkişaf etdirilməsinə xüsusi maraq göstərdiyini qeyd etmişdir. Baş Nazir hər iki ölkənin rəhbərliyinin nümayiş etdirdiyi yüksək siyasi iradə əsasında əməkdaşlığın daha da dərinləşdirilməsi üçün bütün imkanların mövcud olduğunu bildirərək, bu xüsusda neft və qazın ixracı və emalı sənayesinin xüsusi payının olduğunu vurğulamışdır.
Natiq Əliyev Misirin Baş Nazirinə Azərbaycanın son dövrlərdə əldə etdiyi iqtisadi nailiyyətləri, Azərbaycanın iqtisadiyyatının inkişaf dinamikası və aparılan iqtisadi islahatlar haqqında ətraflı məlumat vermişdir.
Misirin Neft Naziri Samih Fəhmi bu ilin iyun ayında Azərbaycana səfərini və keçirdiyi məhsuldar görüşlərini xatırladaraq, Azərbaycan ilə Misir arasında neftin satışı və emalı sahəsində əməkdaşlığın dinamik surətdə inkişaf etdiyini qeyd etdi.
Natiq Əliyev Misirin neft-qaz emalı infrastrukturu ilə yaxından tanış olduğunu qeyd eddi və Misirin Aralıq və Qırmızı dəniz sahillərindəki dəniz limanı infrastrukturundan istifadə edərək, daha böyük həcmdə Azərbaycan neftinin iqtisadi baxımdan daha səmərəli yolla Cənub-şərqi Asiya bazarına çıxarılması imkanlarının olduğunu diqqətə çatdırmışdır.
Natiq Əliyev Samih Fəhmini yaxın vaxtlarda Azərbaycana səfərə dəvət etmişdir.
Səfərin sonunda Azərbaycann Sənaye və Energetika Naziri Natiq Əliyev və Misirin Neft Naziri Samih Fəhminin iştirakı ilə Azərbaycan Dövlət Neft Akademiyası və Misirin Neft Nazirliyinin tərkibində fəaliyyət göstərən "OGS-Egyptian Oil and Gas Skills Company" şirkəti arasında kadrların hazırlanması, təcrübə və tədris proqramlarının mübadiləsi sahəsində əməkdaşlığa dair anlaşma memorandumu imzalanmışdır.
Səfərin yekunlarına dair Natiq Əliyev və Samih Fəhmi tərəfindən mətbuat konfransı keçirilmişdir.