...

Azərbaycana təbii maye qazın Ukraynaya prioritet tədarükçüsü kimi baxılır

Energetika Materials 21 Dekabr 2010 17:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 dekabr /Trend, müxbir E.İsmayılov/

Ukrayna Azərbaycanı təbii maye qazın prioritet tədarükçüsü kimi nəzərdən keçirir. Bu barədə Ukrayna Prezidenti yanında iqtisadi islahatlar üzrə "Milli layihələr" Komitəsinin işçi qrupunun rəhbəri Vladislav Kaskiv deyib. Məlumatı çərşənbə axşamı RİA Novosti yayıb.

"Azərbaycan bir sıra səbəblərə görə təbii maye qazın arzuedilən və prioritet tədarükçülərindən biridir", - Kaskiv bildirib.

Onun sözlərinə görə, tədarükçü kimi Azərbaycanın başlıca üstünlüyü çatdırılmanın qısa yolla həyata keçirilməsindədir ki, bu da əməkdaşlığın qarşılıqlı faydalı şərtlərinə ümid etməyə imkan verəcək.

Layihənin hazırlanması ilə məşğul olan "LNG-terminal" dövlət müəssisəsinin rəhbəri Pyotr Miroşnikov qeyd edib ki, terminala heç də qazın hamısı uzunmüddətli müqavilələrlə tədarük edilməyəcək. "Qazın bir hissəsi, 20-30 faizi spot sövdələşmələri olacaq", - o vurğulayıb.

Milli layihələrin idarə edilməsi üzrə Ukrayna Dövlət Agentliyinin rəsmi saytında yerləşdirilən məlumata görə, Ukraynada maye qazın qəbulu üzrə terminalın texniki-iqtisadi əsaslandırılmasının (TİƏ) hazırlanması gələn ilin üçüncü rübündə başa çatacaq.

Ukraynada artıq terminalın tikintisi üzrə dövlət müəssisəsi yaradılıb. O, TİƏ-nin hazırlanması və bu layihə çərçivəsində investorların axtarışı ilə məşğul olacaq.

Təqdimatda göstərilən iş qrafikinə əsasən, 2011-ci ilin 3-4-cü rübündə bu layihə çərçivəsində beynəlxalq konsorsium yaradılacaq. Terminalın layihələşdirilməsi üzrə işlərin aparılması bütünlüklə 2012-ci ilə nəzərdə tutulub. Təbii maye qazın tədarükü üzrə müqavilələrin imzalanması 2012-ci ilin son üç rübünə və 2013-cü ilin birinci rübünə planlaşdırılıb. Terminalın yaradılmasının birinci mərhələsi çərçivəsində tikinti işlərinin 2013-cü ilin ikinci rübündən etibarən 2015-ci ilədək başa çatdırılması planlaşdırılır.

Terminala maye qazın tədarükü üçün marşrutlar qismində Azərbaycan, Misir, Liviya, Əlcəzair və Qətər nəzərdən keçirilir. Azərbaycandan maye qazın tədarük variantı məsafə baxımından daha qısasıdır (2300 kilometr).

Ukraynanın Azərbaycanın maye qazının tədarükünün həyata keçirlməsində iştirakı Azərbaycanın maye qazının Gürcüstan və Qara dəniz vasitəsilə Rumıniyaya nəqlini nəzərdə tutan "Azerbaijan-Georgia-Romanian Interconnector" (AGRI) layihəsi ilə mümkündür. Ukrayna tərəfi bu layihəyə böyük maraq göstərir.

AGRI layihəsinin gücü üç variantda nəzərdə tutulur - ildə iki milyard kubmetr qaz, beş milyard kubmetr və səkkiz milyard kubmetr. İlkin məlumatlara görə, layihənin gücündən asılı olaraq onun dəyəri 1,2 milyardla 4,5 milyard avro arasında dövr edir.

Sentyabrın 14-də Bakıda Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan AGRI layihəsi üzrə Bakı Bəyannaməsini imzalayıblar.

Xəbər lenti

Xəbər lenti