...

Gürcüstanda NEZ-in tikintisi azərbaycanlı tərəfdaşlarla birgə həyata keçiriləcək – Baş nazir

Energetika Materials 15 Fevral 2011 16:33 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 15 fevral /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstan Azərbaycanla neft emalı zavodunun (NEZ) tikintisi ilə bağlı danışıqlar aparır. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı hökumətin iclasında Gürcüstanın Baş naziri Nika Qilauri deyib.

Onun sözlərinə görə, Gürcüstan hökuməti iri investisiya layihələrini, o cümlədən NEZ-in tikintisini maliyyələşdirəcək yeni investisiya fondu yaradır.

"Prezident öz hesabatında göstərib ki, dövlət özəl sektorla sıx əlaqə və koordinasiya əsasında bir neçə investisiya layihəsini həyata keçirməyə çalışacaq. Mən neft emalı zavodunun tikintisini nəzərdə tuturam. Biz layihənin həyata keçirilməsi üzrə azərbaycanlı həmkarlarla məsləhətləşmələr aparırıq. Bundan başqa, kənd təsərrüfatının inkişafı üçün logistik mərkəzlərin yaradılması da planlaşdırılır", - Qilauri qeyd edib.

Bununla yanaşı, o qeyd edib ki, hazırda özəl sektor iri layihələrdə müstəqil surətdə iştirak edə bilmir.

"Özəl sektor üçün bu fond üzrə işləmək çətindir. Dövlət vəsaitləri fərdi şəkildə tapmağa çalışacaq. Biz yeni fond yaradacağıq və prinsipcə bu, bir neçə layihəni həyata keçirəcək tərəfdaş fond olacaq. Onların arasında ilk növbədə kənd təsərrüfatının logistik mərkəzləri, ikincisi, enerji təhlükəsizliyi və üçüncüsü, özəl sektorun müstəqil surətdə həyata keçirə bilmədiyi layihələrdir", - Baş nazir vurğulayıb.

"Ayın sonunadək texniki iqtisadi əsaslandırmanın hazırlanmasına dair şirkətlərdən biri ilə saziş imzalanacaq", - Trend-ə Gürcüstanın energetika naziri Aleksandr Xetaquri bildirib.

"Gürcütanın Neft və Qaz Korporasiyası ötən il tender elan edib və saziş qalib gələcək şirkətlə bağlanacaq", - o deyib.

Nazirin sözlərinə görə, NEZ-in tikintisinə maliyyələşmənin cəlb edilməsi 2012-ci il aprelin 1-dən etibarən başlayacaq.

"Bu, həm özəl, həm də dövlət investisiyaları olacaq", - o qeyd edib.

Xetaqurinin sözlərinə görə, NEZ üçün neft Azərbaycandan gətiriləcək.

"Bu, bizim əsas və etibarlı tərəfdaşımız və tədarükçümüzdür. NEZ-in işə salınması bizə insanları işlə təmin etməyə imkan verəcək", - o vurğulayıb.

Xəbər lenti

Xəbər lenti