...

Azərbaycanın daxili bazarında neft məhsullarının satış həcmi artıb

Energetika Materials 15 Mart 2011 15:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 mart /Trend/

Yanvar-fevralda Azərbaycanın daxili bazarına 547,5 min ton neft məhsulları çıxarılıb ki, 2010-cu ilin analoji dövründə bu göstərici 465,1 min ton olub. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Neft məhsullarının ümumi həcmindən 159,6 min ton daxili bazarda ən çox satılan avtomobil benzininin payına düşüb. Bu dövrdə benzin ötən ildə olduğundan 14,2 faiz çox satılıb. Azərbaycanın daxili bazarında 1 ton A-92 markalı benzinin topdansatış qiyməti (təchizata çəkilən xərclər və ƏDV daxil) 670 manat, A-95 markalı benzinin qiyməti isə 736 manat təşkil edir. Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, yanvar-fevralda Azərbaycanın "Azpetrol" şirkəti realizə edilməsi üçün təxminən 57,8 min ton, "LUKoil" 25,22 min ton, "SOCAR Petroleum" isə 39,74 min ton avtomobil benzini alıb.

Ötən aylarda daxili bazarda 141,2 min ton dizel yanacağı satılıb ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 30,5 faiz çoxdur. Azərbaycanın daxili bazarında 1 ton dizel yanacağının qiyməti (təchizata çəkilən xərclər və ƏDV daxil) 485 manat təşkil edir. Dövlət Statistika Komitəsinin məlumatına görə, "Azpetrol" bu həcmdən 31 min tona yaxın, "LUKoil" 16,5 min tondan çox alıb. Bu dövrdə "SOCAR Petroleum" şirkətinə 31 min tona yaxın dizel yanacağı göndərilib.

Hazırda "Azpetrol" şirkəti Azərbaycanda 70 yanacaqdoldurma məntəqəsinə (YDM) malikdir, onlardan 66-sı benzindoldurma, 4-ü qazdoldurma stansiyasıdır. Yanacağın keyfiyyətinin yaxşılaşdırılması, yanacaqdoldurma məntəqələrinin fasiləsiz işinin təmin olunması və müştərilərə göstərilən xidmətin yaxşılaşdırılması məqsədilə 1999-cu ildə beynəlxalq standartlara cavab verən, ümumi tutumu 7 min ton olan neft bazası və avtopark istismara verilib. Hazırda "Azpetrol"un avtoparkında şirkətin yanacaqdoldurma məntəqələrini yanacaqla təmin edən tutumu 17 tondan 42 tonadək olan 110 benzindaşıyan avtomobil var. Ölkədəki YDM-lərin təxminən 15 faizi "Azpetrol"a məxsusdur, şirkətin bazarın müvafiq sektorunda payı 50%-dən çoxdur.

Hazırda "SOCAR Petroleum" şirkəti Bakıda altı yanacaqdoldurma məntəqəsinə malikdir. ARDNŞ Azərbaycanda 26-30 yanacaqdoldurma məntəqəsi açmağı planlaşdırır.

Hesabat dövründə daxili bazarda 38,1 min ton yanacaq mazutu reallaşdırılıb ki, bu da 2010-cu ilin analoji dövrünün göstəricisindən 37,5 faiz çoxdur. Azərbaycanın daxili bazarında 1 ton M-40 mazutunun qiyməti (təchizata çəkilən xərclər və ƏDV daxil) 100 manat olub.

Bu dövrdə 75,4 min ton aviasiya kerosini satılıb ki, bu da 2010-cu ilin analoji dövrünün göstəricisindən 3,3 faiz çoxdur. Azərbaycanın daxili bazarında 1 ton aviasiya kerosininin qiyməti (təchizata çəkilən xərclər və ƏDV daxil) 307 manatdır.

Bu dövrdə daxili bazarda 19,8 min ton neft bitumu satılıb. Bu, 2010-cu ilin analoji dövrünün göstəricisindən 8,8 faiz çoxdur. Azərbaycanın daxili bazarında BN 60/90 markalı bitumun 1 tonunun (təchizata çəkilən xərclər və ƏDV daxil) qiyməti 160 manatdır.

Yanvar-fevralda daxili bazarda 20,4 min ton maye qaz (LPG) satılıb ki, bu da 2010-cu ilin analoji dövrünün göstəricisindən iki dəfə çoxdur.

Daxili bazarda 92,1 min ton həcmində digər neft məhsulları satılıb ki, bu da 2010-cu ilin analoji dövr göstəricisindən 5,9 faiz çoxdur.

Xəbər lenti

Xəbər lenti