...

ARDNŞ Xəzərdə qaz obyektini sınaqdan keçirir

Energetika Materials 8 Aprel 2011 15:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 aprel /Trend, müxbir E.İsmayılov/

Cari ilin ortalarına ARDNŞ Xəzər dənizinin Azərbaycan sektorundakı "Günəşli" yatağının "Günəşli-4" platformasında qaz-kondensat stansiyasını istismara verməyi planlaşdırır. Bu barədə cümə günü ARDNŞ-dəki mənbə deyib.

Onun sözlərinə görə, stansiyanın tikintisi üzrə bütün işlər artıq başa çatıb. Yeni qaz-kompressor stansiyasının tikintisində məqsəd səmt qazının yığılması və onun quruya nəqlidir.

"Yeni stansiyanın tikintisi çərçivəsində bütün fiziki işlər başa çatıb. Hazırda avadanlığın yoxlanması və sazlama işləri həyata keçirilir", - mənbə bildirib.

Əvvəllər planlaşdırılmışdı ki, bu obyekt BMT-nin Kioto Protokolunun Təmiz İnkişaf Mexanizmi çərçivəsində fəaliyyət göstərəcək. Təmiz İnkişaf Mexanizmi BMT-nin iqlim dəyişiklikləri haqqında Çərçivə Konvensiyasının Kioto Protokolu üzrə tullantıların həcminin müəyyənləşdirilmədiyi ölkələr üçün istixana qazlarının tullantı həcmlərinin azaldılması ilə bağlı layihələri həyata keçirməyə imkan verir.

Mənbənin sözlərinə görə, lakin bu layihə Təmiz İnkişaf Mexanizminə daxil edilməyəcək, ARDNŞ-nin səmt qazlarının yığılmasında və onların sahilə çatdırılmasında tələbatlarını ödəmək üçün həyata keçirilməyə başlayacaq.

ARDNŞ "Günəşli" yatağında aşağıtəzyiqli səmt qazının yığılmasını həyata keçirməyi planlaşdırır. Bu qazın təzyiqi artırıldıqdan sonra Azərbaycan qaz emalı zavoduna və ya milli qaz nəqli sisteminə göndəriləcək və abonentlərə satılacaq. Qazın quruya nəqli üçün artıq boru kəmərləri çəkilib.

Əvvəllər bu qaz infrastrukturun olmaması üzündən atmosferə atılırdı ki, bu da ətraf mühitə ciddi ziyan vururdu. Zəruri infrastrukturun yaradılması və bu layihənin reallaşdırılma dəyəri 150 milyon dollar həcmində qiymətləndirilir.

Xəbər lenti

Xəbər lenti