...

Azərbaycanda yeni emal kompleksinin tikintisinə 12-13 milyard dollar yatırmaq planlaşdırılır - ARDNŞ-nin vitse-prezidenti

Energetika Materials 9 İyun 2011 16:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 iyun /Trend, müxbir E.İsmayılova/

Neft, qaz emalı və neft-kimya məhsullarının istehsalı üzrə kompleksin tikintisi çərçivəsində lazım olan investisiyaların həcmi 12-13 milyard dollar təşkil edəcək. Trend-in məlumatına görə, bu barədə cümə axşamı 18-ci Beynəlxalq "Xəzər neft, qaz, neft emalı və neft kimyası" beynəlxalq sərgisi çərçivəsində ARDNŞ-nin strateji inkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanov deyib.

Qəhrəmanovun sözlərinə görə, kompleksin tikintisinə qoyulacaq vəsaitlərin öz xərcini çıxartması 6-7 il çəkəcək.

Kompleks mərhələlərlə istismara veriləcək və 2018-2020-ci illəri əhatə edəcək. İlk növbədə, gücü 10 milyard kubmetr olan qaz emalı zavodunun, daha sonra kimya istehsalının istismara verilməsi planlaşdırılır. Sonda isə gücü 10 milyon ton olan neft emalı zavodu istifadəyə veriləcək.

Qaz emalı zavodunda ARDNŞ-nin müstəqil işlədiyi yataqlardan, "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan və lazım olacağı təqdirdə, "Şahdəniz" yatağından qazın emalı planlaşdırılır.

Qəhrəmanovun sözlərinə görə, kompleks А-92, А-95, А-98 markalı və reaktiv yanacaq istehsal edəcək. Bundan başqa, istehsalın xeyli hissəsini dizel yanacağının hazırlanması təşkil edəcək, çünki dizel həmişə artmaqdadır.

Yeni kompleksin texniki-iqtisadi əsaslandırmasına Technip, Foster Wheeler AG, UOP kimi dünya şirkətləri cəlb edilib. Yaxın vaxtlarda layihə Azərbaycan hökumətinə təqdim ediləcək.

Kompleksin ərazisi 1500 hektar olacaq.

Xəbər lenti

Xəbər lenti