...

Macarıstan Azərbaycanın iqtisadi imkanlarını yüksək qiymətləndirir - səfir

Energetika Materials 18 Oktyabr 2011 10:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 oktyabr /Trend, müxbir E.İsmayılov/

Macarıstan regionun enerji təhlükəsizliyinin təmin edilməsi baxımından həm Avropa İttifaqı, həm də ikitərəfli münasibətlər səviyyəsi çərçivəsində Azərbaycanın imkanlarını kifayət qədər yüksək qiymətləndirir. Bunu bazar ertəsi Trend-ə müsahibəsində Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev deyib.

"Macarıstan Avropa İttifaqının bir sıra ölkələri kimi enerji tədarükünün şaxələndirilməsi məsələsində maraqlıdır. Bu baxımdan Budapeşt Azərbaycanın potensial imkanlarına ciddi yanaşır", - Quliyev bildirib.

Macarıstan, xüsusilə, Azərbaycanın sıxılmış qazının Qara dəniz sahilləri vasitəsilə Gürcüstan və Rumıniyaya nəql edilməsinə istiqamətlənmiş "Azerbaijan-Georgia-Romania Interconnector" (AGRI) layihəsinin iştirakçı tərəflərindən biridir.

AGRI layihəsinin gücü üç variantda nəzərdə tutulur - ildə iki milyard kubmetr qaz, beş milyard kubmetr və səkkiz milyard kubmetr. İlkin məlumatlara görə, layihənin gücündən asılı olaraq onun dəyəri 1,2 milyardla 4,5 milyard avro arasında dövr edir.

Sentyabrın 14-də Bakıda Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan AGRI layihəsi üzrə Bakı Bəyannaməsini imzalayıblar.

Layihə Azərbaycan qazının qaz kəməri ilə Qara dəniz sahilləri ilə Gürcüstana nəqlini nəzərdə tutur. Burada o, xüsusi terminalda sıxılacaq və bundan sonra tankerlərlə Qara dənizlə Rumıniyaya yola salınacaq.

Macarıstan, həmçinin Avropaya qaz nəqlinin mənbə və marşrutlarını diversifikasiya edəcək "Nabukko" boru kəməri layihəsinə də maraq göstərir.

"Əlbəttə ki, Macarıstan Azərbaycanın "Nabukko" layihəsinə qoşulmasını istəyən ölkələr arasında yer alır. Hazırda Macarıstan "Nabukko" konsorsiumunda MOL şirkəti ilə təmsil olunur", - Quliyev vurğulayıb.

"Nabukko" Aİ-nin enerji layihələri üçün əsas prioritetlərindən biri olan "Cənubi qaz dəhlizi" layihələrindəndir. Uzunluğu 3900 kilometr olan "Nabukko" qaz kəməri layihəsi qazın Xəzər regionundan və Yaxın Şərqdən Aİ ölkələrinə nəqlini nəzərdə tutur. "Nabukko" qaz kəmərinin tikintisinin başlama vaxtı 2013-cü ildə nəzərdə tutulub. Boru kəməri vasitəsilə qazın ilk nəqli isə 2017-ci ildə gözlənilir.

Boru kəmərinin maksimal gücü ildə 31 milyard kubmetr qaz təşkil edəcək. Layihə iştirakçıları Avstriyanın OMV, Macarıstanın MOL, Bolqarıstanın "Bulgargaz", Rumıniyanın "Transgaz", Türkiyənin "Botaş" və Almaniyanın RWE şirkətləridir. Onların hər biri bərabər paya - 16,67 faiz paya malikdir.

Xəbər lenti

Xəbər lenti