...

"Azərikimya" İB "Çağ Öyrətim" şirkəti ilə neft-kimya istehsalatı üçün kadr hazırlanması sahəsində əlaqələr qurur

Energetika Materials 6 Yanvar 2012 15:49 (UTC +04:00)
ARDNŞ-nin "Azərikimya" İstehsalat Birliyində texniki və humanitar təhsil sistemi üzrə geniş şəbəkəyə və təhsilin yüksək keyfiyyətinə görə Türkiyə və Azərbaycanda böyük nüfuza malik olan "Çağ Öyrətim İşlətmələri" şirkətinin rəhbərliyi ilə görüş olub.
"Azərikimya" İB "Çağ Öyrətim" şirkəti ilə neft-kimya istehsalatı üçün kadr hazırlanması sahəsində əlaqələr qurur

Azərbaycan, Bakı, 6 yanvar /Trend/

ARDNŞ-nin "Azərikimya" İstehsalat Birliyində texniki və humanitar təhsil sistemi üzrə geniş şəbəkəyə və təhsilin yüksək keyfiyyətinə görə Türkiyə və Azərbaycanda böyük nüfuza malik olan "Çağ Öyrətim İşlətmələri" şirkətinin rəhbərliyi ilə görüş olub.

İB-dən cümə günü Trend-ə verilən məlumata görə, yüksək təhsil sahəsində böyük nailiyyətlər qazanmış şirkətin rəhbərliyini qəbul edən "Azərikimya" İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, millət vəkili Muxtar Babayev qonaqlara Azərbaycanda neft-kimya sənayesinin yaradılma tarixi və Birliyin bugünkü istehsalat fəaliyyəti barədə geniş məlumat verib. Xüsusi olaraq qeyd edilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq qərar və sərəncamları üzrə Sumqayıtda inşa olunması nəzərdə tutulan Azot gübrəsi (Karbamid) zavodunun və Sumqayıt Kimya Sənaye Parkının yaradılması ilə əlaqədar neft-kimya sahəsi üzrə ixtisaslaşmış gənc kadrlara ehtiyac olacaq. Bildirilib ki, bu məqsədlə Birliyin Etilen-polietilen zavodu ərazisində yeni, müasir standartlar səviyyəsində, elektron-avtomatika, kompüter sistemi üzrə idarə olunan texniki təlim dəzgah və avadanlıqları, digər qabaqcıl tədris vasitələri olacaq Təlim-Tədris Mərkəzinin inşasına başlanılıb ki, orada Azərbaycanın neft-kimya kompleksi üçün daha çox ehtiyac duyulan texnologiya, energetika, mexanika, avtomatika-elektronika üzrə mütəxəssislər hazırlanacaq. İnşasının 2012-ci ilin əvvəlində başa çatması gözlənilən Təlim-Tədris Mərkəzində eyni vaxtda 200 nəfər peşə ixtisası qazana biləcək ki, onların hər birinə texniki təhsil sistemi üzrə müvafiq sertifikatlara malik olan ARDNŞ tərəfindən xüsusi şəhadətnamə və diplomlar veriləcək.

Birliyin rəhbəri özəl türk lisey və məktəblərinin Azərbaycan üçün səmərəli fəaliyyətindən, həmçinin son dövrlərdə "Azərikimya" ilə Qafqaz Universiteti arasında yaranmış "müəssisə-institut" əlaqələrinin daha da genişlənməsindən, bu nüfuzlu təhsil ocağında kimya müəssisələri üçün də yüksək ixtisaslı gənc mütəxəssislərin hazırlğına başlanılmasından məmnunluqla söhbət açıb.

"Çağ Öyrətim İşlətmələri" şirkətinin prezidenti Ənvər Özeren səmimi qəbula görə "Azərikimya" rəhbərliynə təşəkkür edərək bildirib ki, başçılıq etdiyi qurumun hazırda Bakıda və respublikamızın digər şəhər və rayon mərkəzlərində çoxlu sayda ümumtəhsil məktəb və liseyləri, hazırlıq kursları, həmçinin yüksək ixtisaslı kadrlar yetişdirən Qafqaz Universiteti fəaliyyət göstərir.

Görüşün sonunda qurum rəhbərləri ikitərəfli əlaqələrin ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətləri çərçivəsində daha da genişləndirilməsinin qarşılıqlı faydalı olacağını və bunun vacibliyini vurğulayıblar.

Xəbər lenti

Xəbər lenti