Azərbaycan, Bakı, 10 yanvar /Trend, müxbir E.İsmayılov/
2011-ci ildə "Azərbaycan Dəmir Yolları" QSC 22,1 milyon ton yük daşıyıb. Trend-in məlumatına görə, bu barədə QSC-nin rəhbəri Arif Əsgərov geniş kollegiya iclasında bildirib. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2010-cu ildə ölkənin dəmiryol nəqliyyatı ilə 22,2 milyon ton yük daşınıb.
Çərşənbə axşamı QSC-nin rəsmi internet saytında yerləşdirilən məlumata görə, 2011-ci il ərzində dəmir yolunun stansiyalarından 14,4 milyon ton yük göndərilib, bunlardan 9,7 milyon ton yük neft və neft məhsulları təşkil edib, o cümlədən, tranzit nefti 5,8 milyon ton göndərilib. Ümumi yük daşımaları 2011-ci il ərzində 22,1 milyon ton təşkil edib, o cümlədən, daxili daşımalar 4,4 milyon ton, ixrac 4,4 milyon ton, idxal 5,5 milyon ton, tranzit 7,8 milyon ton olub.
Ümumi yük dövriyyəsi 7,8 milyard ton-km təşkil edib, o cümlədən, daxili daşımalar üzrə 899,0 milyon ton-km, ixrac 1,7 milyard ton-km, idxal 1,4 milyard ton-km, tranzit 3,8 milyard ton-km təşkil edib.
2011-ci il ərzində dəmir yolu stansiyalarından 3,4 milyon nəfər sərnişin göndərilib. Dəmir yolu üzrə sərnişin daşımaları 3,5 milyon nəfər təşkil edib.