...

Azərbaycanın enerji operatoru yaz daşqınlarına hazırlaşır

Energetika Materials 13 Aprel 2012 16:04 (UTC +04:00)
"Azərenerji" ASC Azərbaycandakı iki iri su elektrik stansiyası kaskadında zəruri texniki işlər və yoxlamalar aparıb.
Azərbaycanın enerji operatoru yaz daşqınlarına hazırlaşır

Azərbaycan, Bakı, 13 aprel /Trend, müxbir E.İsmayılov/

"Azərenerji" ASC (Azərbaycanda elektrik enerjisinin istehsalı və paylanması) Azərbaycandakı iki iri su elektrik stansiyası kaskadında zəruri texniki işlər və yoxlamalar aparıb. Bu barədə cümə günü Trend-ə yaz daşqınları ilə əlaqədar Kür çayında suyun səviyyəsinin artması məsələsini şərh edərkən ASC-dən deyiblər.

Azərbaycan ərazisində iki iri SES kaskadı mövcuddur: tərkibinə Mingəçevir və Vərvərə su elektrik stansiyalarının daxil olduqları Mingəçevir SES kaskadı, eləcə də Şəmkir və Yenikənd SES-in daxil olduqları Şəmkir SES kaskadı.

Məlumata görə, bütün elektrik stansiyalarındakı qurğu və avadanlıqlara, habelə damba və su anbarlarından suyun axıdılması üzrə qurğulara baxış keçirilib.

"Bütün zəruri hazırlıq işləri görülüb. Su anbarlarında və kanallarda suyun səviyyəsinin xeyli artacağı halda, bu, hazırlanmış qrafikə uyğun olaraq tənzimlənəcək", - ASC-dən bildiriblər.

Fevral ayı ərzində Azərbaycan ərazisində kəskin hava şəraiti, güclü şaxta və qar yağması müşahidə olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, aprel və may aylarında Kürün aşağı axınında suyun səviyyəsinin artması və bəzi ərazilərdə subasma hallarının baş verəcəyi gözlənilir. Aprel ayında temperaturun normadan yuxarı olması və Böyük Qafqazın cənub-qərb ərazilərinə normadan çox yağan qarın ərimə dinamikasının artması, aprel-may aylarının bəzi günlərində intensiv yağışların yağması aprel və may aylarında Kürün aşağı axınında səviyyələrin artmasına və bəzi ərazilərdə subasma hallarının baş verməsinə səbəb ola bilər.

Xəbər lenti

Xəbər lenti