...

Sumqayıt Təlim-Tədris Mərkəzində gələcək ixtisaslı fəhlə kadrların ilk buraxılış imtahanları keçirilib (FOTO)

Energetika Materials 18 İyul 2013 19:25 (UTC +04:00)
Bu gün ARDNŞ-nin Sumqayıt Təlim-Tədris Mərkəzində 6 ixtisas üzrə peşə təhsili almış məzunların - gələcək ixtisaslı fəhlə kadrların böyük bir dəstəsinin buraxılış imtahanları keçirilmişdir.
Sumqayıt Təlim-Tədris Mərkəzində gələcək ixtisaslı fəhlə kadrların ilk buraxılış imtahanları keçirilib (FOTO)

Azərbaycan, Bakı, 18 iyul /Trend/

Bu gün ARDNŞ-nin Sumqayıt Təlim-Tədris Mərkəzində 6 ixtisas üzrə peşə təhsili almış məzunların - gələcək ixtisaslı fəhlə kadrların böyük bir dəstəsinin buraxılış imtahanları keçirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı üzrə ARDNŞ tərəfindən yaradılaraq, ötən ilin sentyabrından fəaliyyətə başlamış Sumqayıt Təlim-Tədris Mərkəzində (STTM) il ərzində 7 ixtisas üzrə 100 nəfər gənc "Azərikimya" İstehsalat Birliyinin, həmçinin Sumqayıtın sənaye müəssisələrinin daha çox ehtiyac duyduğu müxtəlif peşələr - tornaçı, kompressor qurğularının maşinisti, aparatçı, təmirçi-çilingər, elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru, nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingər, elektrik-qaz qaynaqçısı ixtisasları üzrə peşə təhsili almışlar.

Sumqayıtda ilk dəfə olaraq müasir tələblər səviyyəsində yaradılmış Mərkəzdə fəhlə ixtisaslarına yiyələnən gənclər seçdikləri peşələr üzrə texniki-nəzəri biliklərə yiyələnməklə yanaşı, STTM-in ən yeni dəzgah və avadanlıqlarla təchiz edilgərək, gücləndirilmiş texniki bazası ilə yanaşı təhsil aldıqları müddət ərzində "Azərikimya" İstehsalat Birliyinin müəssisələrində də vaxtaşırı istehsalat təcrübəsi keçmişlər. Bu ilin may ayında STTM-in ilk məzunları - 12 nəfər tornaçı Birliyin müəssisələrində iki aylıq istehsalat təcrübəsini başa vurduqdan sonra buraxılış imtahanı vermiş və kimya müəssisələrinin mexaniki-təmir sahələrində ixtisaslarına uyğun işlə təmin edilmişlər.

STTM-in digər 6 qrupu üzrə daha 88 nəfər gənc isə 10 aylıq təhsili başa vurduqdan sonra bu ilin may-iyul aylarında Birliyin Etilen-Polietilen və Mexaniki-təmir zavodlarında, Təmir-quraşdırma İdarəsində iki aylıq istehsalat təcrübəsi keçərək, bu gün imtahan komissiyası qarşısında öz bilik və bacarıqlarını nümayiş etdirmişlər.

İmtahan başlanmazdan əvvəl "Azərikimya" İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev və ARDNŞ-in Təlim-Tədris və Sertifikatlaşdırma İdarəsinin rəisi Fuad Süleymanov məzunları və STTM-in müəllim və istehsalat təlimi ustalarını ilk böyük məzun buraxılışı münasibətilə təbrik etmiş, gənclərə buraxılış imtahanında və gələcək əmək fəaliyyətlərində uğurlar arzulamışlar. Məzunların nümayəndələri və STTM-in rəhbərliyi gənc fəhlə kadrların yetişdirilməsinə, onların təhsili üçün yaradılmış əlverişli şəraitə, göstərilən bütün diqqət və qayğıya görə ARDNŞ rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.

Respublika və yerli mətbuat nümayəndələrinin də iştirak etdiyi buraxılış imtahanında məzunlar təhsil müddətində əldə etdikləri nəzəri biliklər və təcrübi vərdişləri ilə istehsalatda uğurla çalışmağa hazır olduqlarını təsdiq edə bilmişlər.

Sabahın gənc kadrları müvafiq peşə dərəcələri ilə "Azərikimya" İstehsalat Birliyinin müəssisələrində, həmçinin ARDNŞ-in digər strukturlarında müvafiq işlə təmin olunacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti