Azərbaycan, Bakı, 21 avqust /Trend/
"Günəşli" yatağındakı 11 saylı dərin dəniz özülündə əsaslı təmir işləri aparılır.
Trend ARDNŞ-ni rəsmi saytına istinadən məlumat verir ki, 1986-cı ildən istismarda olan özülün uzunömürlüyünü təmin etmək məqsədi ilə görülən təmir işləri istismar prosesini məhdudlaşdırmadan və özüldəki mövcud texnoloji avadanlıqlardan istifadə etməklə həyata keçirilir. İndiyə kimi sudan 4-9 metr hündürlükdə 67 ədəd müxtəlif diametrli suüstü rabitə konstruksiyaları yeniləri ilə əvəz olunub, 1149 kvadratmetrlik döşəmə, eləcə də 140 ədəd döşəməaltı tir təmir edilib.
Bundan əlavə, daha 1411 ədəd suüstü rabitə konstruksiyasının, 5513 kvadratmetrlik döşəmənin və 250 ədəd döşəməaltı tirin təmir olunması nəzərdə tutulur.
"Azneft" İstehsalat Birliyi 28 May adına NQÇİ-nin sifarişi ilə "Neftqaztikinti" Trestinin 2 saylı Tikinti-Quraşdırma İdarəsi tərəfindən həyata keçirilən işlərin bu ilin dekabr ayında tam başa çatdırılması planlaşdırılır.