...

AHİK-ə neft şirkətlərində iş yerlərinin ixtisarı ilə bağlı müraciətlər daxil olmayıb

Energetika Materials 11 Dekabr 2014 16:23 (UTC +04:00)
Azərbaycanın həmkarlar ittifaqlarına neft şirkətlərində iş yerlərinin ixtisarı ilə bağlı müraciətlər daxil olmayıb.
AHİK-ə neft şirkətlərində iş yerlərinin ixtisarı ilə bağlı müraciətlər daxil olmayıb

Azərbaycan, Bakı, 11 dekabr /Trend, müxbir Maksim Tsurkov/

Azərbaycanın Həmkarlar İttifaqları Konfederasiyasına (AHİK) neft şirkətlərində iş yerlərinin ixtisarı ilə bağlı müraciətlər daxil olmayıb. Bu barədə Konfederasiyadan Trend-ə "BP Azerbaijan" şirkətinin əməkdaşlarının ixtisarına dair planları haqqında məlumatı şərh edərkən deyiblər.

Konfederasiyadan bildiriblər: "BP şirkətində həmkarlar təşkilatı yoxdur. Biz bir neçə il onun yaradılması üçün çalışmışıq, lakin şirkət rəhbərliyi bunu etməyə razılıq vermədi. Bunu onunla əsaslandırdı ki, işçilər üçün onsuz da hər cür şərait (sosial və digər) yaradırıq, onların həmkarlar təşkilatına ehtiyacları yoxdur. Ona görə də bizim BP ilə heç bir əlaqəmiz yoxdur və onlardan heç bir müraciət almamışıq. İş yerlərinin ixtisarı haqqında məsələni onlar özləri həll edəcəklər".

AHİK-dən deyildiyi kimi, Konfederasiyaya daxil olan şirkətlərdən iş yerlərinin ixtisarı ilə bağlı heç bir müraciət daxil olmayıb.

Başqa şirkətdə belə bir faktın olmadığını agentlik tərəfindən aparılan sorğu da təsdiqləyir.

İri hasilat layihələrinin iştirakçısı olan Türkiyənin TPAO şirkəti Azərbaycandakı personalını ixtisara salmaq niyyətində deyil. Bu barədə Trend-ə şirkətin Bakı nümayəndəliyindən neftin qiymətlərinin kəskin şəkildə aşağı düşməsi ilə əlaqədar personalın optimallaşdırılmasına dair planların mümkünlüyü barədə suala cavab verərkən deyiblər.

TPAO-dan deyildiyi kimi, şirkət Azərbaycanda bir ofislə, az sayda işçi ilə təmsil olunur və personalın optimallaşdırılmasına dair planlara malik deyil.

Nümayəndəlikdən deyiblər: "Məlumdur ki, bu il şirkətimiz "Şahdəniz" layihəsində öz payını artıraraq onu 19 faizədək çatdırıb. Bu fakt artıq şirkətimizin Azərbaycandakı niyyətlərinin təsdiqləyir".

"Lukoil Azerbaijan"dan deyiblər ki, şirkət Azərbaycanda neft məhsullarının satışı ilə məşğul olur və ona görə də neftin qiymətlərinin azalmasının şirkətin ölkədəki fəaliyyətinə heç bir təsiri yoxdur.

Hazırda Azərbaycanda "Lukoil" brendi altında 46-ya yaxın yanacaqdoldurma məntəqəsi çalışır.

Azərbaycanda təmsil olunan neft-qaz şirkətlərinin böyük hissəsi əməliyyat fəaliyyəti ilə məşğul olmur və kiçik işçi ştatına malik ofislərə malikdirlər ki, bu da neftin qiymətlərinin azalmasının ölkədəki şirkətlərin kadr siyasətinə təsiri imkanlarını minimuma endirir.

BP şirkəti "Azəri-Çıraq-Günəşli" neft-qaz yataqları blokunun, "Şahdəniz" qaz-kondensat yatağının işlənməsi, Bakı-Tbilisi-Ceyhan neft kəməri və Cənubi Qafqaz qaz kəməri layihələrinin iştirakçısıdır.

Britaniyanın BP şirkəti 2015-ci ildə iş yerlərinin məcburi ixtisarı ilə əlaqədar bir milyard dollar vəsait sərf edəcək.

"Guardian" qəzeti BP-nin icraçı direktoru Bob Dadliyə istinadən yazır ki, BP şirkəti 2015-ci ildə iş yerlərinin məcburi ixtisarı ilə əlaqədar bir milyard dollar vəsait sərf edəcək. Onun sözlərinə görə, ixtisarlar BP-nin ABŞ, Azərbaycan və Almaniya nümayəndəliklərində aparılacaq. B.Dadli ixtisarların özüllərdə çalışan əməkdaşlara şamil edilməsi ehtimalının az olduğunu bildirib.

"BP Azerbaijan" şirkətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tamam Bayatlı BP-nin iş yerlərinin ixtisarı haqqında planına aydınlıq gətirərək deyib: "Biz indiki şəraitdə rəqabətqabiliyyətliliyimizi daha da artırmaq üçün imkanlara baxırıq, o cümlədən lazımsız mürəkkəblikləri aradan qaldırmaq və səmərəliliyi artırmaq imkanlarını nəzərdən keçiririk".

Onun sözlərinə görə, BP bu layihələrlə bağlı öhdəliklərinə sadiqdir və onlara əməl etməkdə davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti