...

14 yeni aqroparkın elektrik təchizatı üçün hazırlıq işləri tam başa çatıb (FOTO)

Energetika Materials 6 Fevral 2018 18:59 (UTC +04:00)
14 yeni aqroparkın elektrik təchizatı üçün hazırlıq işləri tam başa çatıb.
14 yeni aqroparkın elektrik təchizatı üçün hazırlıq işləri tam başa çatıb (FOTO)

Bakı. Trend:

Prezident İlham Əliyevin “Azərbaycan regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan son konfransda çıxışından irəli gələn vəzifələrlə bağlı “Azərişıq” ASC-nin mərkəzi binasında geniştərkibli iclas keçirilib.

Qurumun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, “Azərişıq” ASC-nin sədri Baba Rzayev iclasda çıxış edərək bildirib ki, Prezident İlham Əliyevin elektroenergetika sahəsinə xüsusi diqqəti sayəsində 2003-cü ildən bu yana respublikanın generasiya gücü fantastik həddə - 3000 MVA artırılıb.

"Regionların 2014-2018-ci illlərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda qeyri-neft sektorunun inkişafına yönəlmiş sosial, iqtisadi, sənaye, kənd təsərrüfatı, turizm və digər sahələrin xüsusi yer tutduğunu deyən B.Rzayev həmin sahələrin elektrik enerjisi ilə təchiz edilməsi üçün təxirəsalınmaz işlərin görüldüyünü vurğulayıb: “Sırf kənd təsərrüfatının inkişafına yönəlik Hacıqabul, Goranboy, Salyan rayonlarında 110 və 35 kV-luq yarımstansiyalar tikilib və yüksək gərginlikli hava xətləri çəkilib. Eyni zamanda, Ağcabədi, Biləsuvar, İmişli, Kürdəmir, Qobustan, Şabran, Şəmkir, Tovuz, Yevlax, Ucar, Füzuli və Goranboy rayonlarının ərazilərində yaradılan 14 yeni aqroparkın elektrik təchizatlarını həyata keçirmək üçün hazırlıq işləri tam başa çatdırılıb. Bu gün regionlarda 9 minə yaxın melorasiya, su təsərrüfatına aid nasosxana və subartezan quyuları var ki, onların elektrik enerjisi ilə təchizatı üçün qısa müddətdə bütün zəruri tədbirlər görülür, yeni KTM-lər qurlaşdırılır, TM-lər təmir olunur, hava xətləri yenilənir”.

Daha sonra B.Rzayev “Azərişıq” ASC yaradıldıqdan sonra regionların sosial-iqtisadi inkişafı, istehlakçıların keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi üçün görülən işlərin statistikasını açıqlayıb: "Bölgələrdə 18 ədəd 110 kV-luq, 64 ədəd 35 kV-luq yarımstansiya tikilərək yenidən qurulub. Regionlardakı yarımstansiyaların əksəriyyətində idarəetmənin təkmilləşdirilməsi və çevikliyin artırılması məqsədiylə SCADA dispetçer idarəetmə mərkəzi yaradılıb. 3 mindən artıq yeni 10-6 kV-luq TM və KTM qurlaşdırılıb. 20 min km-ə yaxın müxtəlif gərginlikli elektrik verilişi xətləri çəkilib. 350 min ədədə yaxın dayaq basdırılıb. 300 min elektron tipli sayğac quraşdırılıb. Abonentlərin enerji uçotuna dair məlumatlarının şəffaflığını təmin etmək məqsədilə Rayon Elektrik Şəbəkələrinin inzibati idarələrinə 155 km-dən çox optik kabel çəkilərək mərkəzi idarəetmə sistemi qurulub. Respublikanın 512 kənd və qəsəbəsinin elektrik təchizatı tamamilə yenidən qurulub və hazırda 180 kənd və qəsəbədə yenidənqurma işləri aparılmaqdadır. Respublika üzrə elektrik şəbəkələrinin qoyuluş gücü “Azərişıq” ASC-nin yarandığı 2015-ci ilin əvvəlində 9 500 MVA-dan, 2017-ci ilin bu gününə qədər 12 000 MVA-ya qədər yüksəldilib. Silsilə və kompleks tədbirlər hesabına “Azərişıq”ın regional elektrik şəbəkələrində texniki itkilər 15,1%-dən 10,1%-ə endirilib. Faydalı elektrik enerjisinə görə yığım respublika üzrə 91,6%, regionlar üzrə isə 85% təşkil edir. Təqdirəlayiq haldır ki, 2017-ci ildə artıq “Azərişıq” ASC alınan faydalı elektrik enerjisinin dəyəri 100 faiz ödənilib".

“Azərişıq” ASC-nin sədri qurumun “ASAN xidmət” və “ASAN” kommunal mərkəzləri ilə birgə fəaliyyətdən də danışıb. Bildirib ki, hazırda abunəçilər “ASAN xidmət” və “ASAN kommunal" mərkəzlərində 10-dan artıq xidmətlərdən yararlana bilirlər: “Cənab Prezidentin regionların sosial-iqtisadi inkişafı ilə bağlı qarşıya qoyduğu məqsədlərdən biri sahibkarlıq fəaliyyətinə təkan verməkdir ki, bununla bağlı “ASAN xidmət"lə əməkdaşlıq nəticəsində kifayət qədər ciddi nailiyyətlər əldə olunub. Digər tərəfdən, “ASAN xidmət"lə həyata keçirilən işlər, elektrik şəbəkəsinə qoşulma prosedurunun sadələşdirilməsi və müddətin qısaldılması “Doing bisness”in qiymətləndirmə tələblərindən irəli gələn məsələlərdir. “Azərişıq” ASC bu məsələni prioritet saxlamaqla durmadan yeniliklər edir. Artıq regionlardakı “ASAN xidmət" mərkəzlərində əhali və qeyri-əhali abonentlərinin elektrik şəbəkəsinə qoşulması üçün daha sadələşdirilmiş və tez müddətdə prosedurlar həyata keçirilir”.

B.Rzayev sonra qeyd edib ki, cənab Prezidentin ötən ilin 22 dekabr tarixində imzaladığı sərəncamla külək enerjisindən istifadənin səmərəliliyinin artırılması, habelə külək enerjili elektrik qurğularının elektrik şəbəkəsinə inteqrasiyasının test variantında tam sınaqlarının keçirilməsi məqsədilə Yeni Yaşma və Şurabad Külək Elektrik Parklarının “Azərişıq” ASC-nin balansına verməsi həm Səhmdar Cəmiyyət kollektivinə böyük etimadı göstərir, həm də məsuliyyəti artırır. O, əmin olduğunu bildirib ki, kollektiv ona göstərilən bu etimadı layiqincə doğruldacaq.

Daha sonra “Azərişıq” ASC-nin Texniki Departamentinin direktoru Ziyəddin Quliyev, İnkişaf və İnvestisiya Departamentinin direktoru Toğrul Rəhimov, Tədris Mərkəzinin direktoru Vüqar Əliyev, Perspektiv İnkişaf və “ASAN xidmət”lə iş İdarəsinin rəisi Elsevər Rüstəmli, "Azərişıq" ASC-nin Şimal, Şimal-Qərb, Aran, Mərkəzi-Aran RETSİ-lərinin rəisləri də görülən işlərlə bağlı hesabat veriblər.

Hesabatlar dinlənildikdən sonra müzakirələr aparılıb, tapşırıqlar verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti