Bakı. Trend:
SOCAR Türkiye çevik transformasiya layihəsinin reallaşdırılması nəticəsində həm STAR neft emalı zavodunun, həm də Petkim neft-kimya kompleksinin istismara hazırlığını artırmağa nail olub.
Trend xəbər verir ki, bu barədə şirkətin strategiya üzrə baş direktoru Kənan Mirzəyev "McKinsey" şirkətinə deyib.
"Neft emalı və neft-kimya üzrə biznes bölgüsünün çevik transformasiyası zamanı bir nömrəli hədəfimiz əməyin mühafizəsi və sənaye təhlükəsizliyi (SƏTƏM) ilə əlaqədar riskləri minimuma endirmək ibarət idi. Biz SƏTƏM əməkdaşlarını bütün müvafiq qruplara daxil etməklə və bütün şirkətdə SƏTƏM sahəsində iddialı hədəflər təyin etməklə bu fəlsəfəni çevik əməliyyat modelimizə tətbiq etdik. Artıq bütün şirkət hər bir tədbirdən öncə SƏTƏM-i nəzərə alır ki, bu da əsas SƏTƏM göstəricilərimizdə öz müsbət əksini tapıb", - K.Mirzəyev deyib.
Onun sözlərinə görə, bu parametr üzrə yaxşılaşmanın gözlənildiyi daha bir əsas sahə istehsal bölmələri üçün əsas hədəf olan istismara hazırlıqdır.
"Çevik iş modeli istehsalat müəssisəsində problemin istehsalın fasiləsizliyinə təhlükə yaratmazdan əvvəl aşkarlanmasına zəmanət verir. Texniki xidmət və istismar heyəti çarpaz funksiyalı komandada birgə çalışırlar. Onlar problemin araşdırılması üçün gündəlik əməliyyat parametrlərini öyrənir, tədbirləri aktiv şəkildə planlayır, lazımi resursları yönləndirir və vaxt itirmədən həlli təmin edirlər. Biz nəticədə həm STAR neft emalı zavodunda, həm də Petkim-də istismara hazırlığın artdığını müşahidə edirik və mən bu tendensiyanın qorunub saxlanılacağını gözləyirəm", - Kənan Mirzəyev əlavə edib.
Qeyd edək ki, çevik transformasiya bütün təşkilatın əsas Agile prinsiplərə əsaslanmış çevik metodologiyaya keçid prosesidir. Bu prosesin nəticəsi müştərilərin daha effektiv cəlbi və əldə saxlanılması, mal və ya xidmətlər üzrə yeni konsepsiyaların işlənməsi və gəlirin artımından ibarətdir.
Twitter: @Lyaman_Zeyn