Bakı. Trend:
Azərbaycan tərəfi cari ilin aprelində Kazanda keçiriləcək enerji və enerji səmərəliliyi üzrə Tatarıstan Beynəlxalq Forumunda iştiraka dəvət edilib.
Trend energetika nazirliyinə istinadən xəbər verir ki, bu məsələ energetika naziri Pərviz Şahbazov və Rusiya Federasiyasının Tatarıstan Respublikasının Baş nazirinin müavini, sənaye və ticarət naziri Oleq Korobçenkonun rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş zamanı müzakirə edilib.
Görüşdə Azərbaycanla Tatarıstanın enerji şirkətləri arasında əməkdaşlığın cari vəziyyəti nəzərdən keçirilib. Neft və neft-kimya, təcrübə mübadiləsi, insan kapitalının inkişafı, eləcə də elektrik enerjisi sahəsində yeni texnologiyaların tətbiqi ilə enerji obyektlərinin rəqəmsallaşdırılması, paylayıcı elektrik şəbəkələrinin obyektlərinin avtomatlaşdırılması, avadanlıqlar istehsalı kimi istiqamətlər üzrə əməkdaşlıq imkanları müzakirə edilib. Perspektivli layihələrlə bağlı fikir mübadiləsi aparılıb.
Söhbət zamanı bu səfərin və aparılan müzakirələrin ikitərəfli əlaqələrin, o cümlədən enerji əməkdaşlığının inkişafına təkan verəcəyi qeyd edilib və qarşılıqlı faydalı tərəfdaşlığa dəstək ifadə edilib.