...

Çexiya Cənub Qaz Dəhlizi üzrə görüşlə bağlı gözləntiləri açıqladı (ÖZƏL)

Energetika Materials 3 Mart 2025 09:06 (UTC +04:00)
Çexiya Cənub Qaz Dəhlizi üzrə görüşlə bağlı gözləntiləri açıqladı (ÖZƏL)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Cənub Qaz Dəhlizi (CQD) üzrə görüş qarşılıqlı tərəfdaşlığın təsdiqi üçün fürsət olacaq.

Bunu Trend-in sorğusuna cavabında Çexiyanın Sənaye və Ticarət Nazirliyindən olan mənbə bildirib.

“Etibarlı enerji tərəfdaşlığı və əməkdaşlığı Avropa İttifaqı və Azərbaycan, o cümlədən, Çexiya və Azərbaycan arasındakı münasibətlərin təməl daşı olaraq qalmaqdadır. Stabil enerji tədarükü Avropanın rəqabətədavamlılığının təmin olunmasında və onun enerji təhlükəsizliyində həlledici rol oynayır. Biz hesab edirik ki, Cənub Qaz Dəhlizi üzrə görüş hər iki tərəf, eləcə də, region üçün faydalı olan bu qarşılıqlı tərəfdaşlığı bir daha təsdiq etmək üçün fürsət olacaq”, - deyə mənbə bildirib.

Onun sözlərinə görə, hazırda Çexiya görüşdə hər hansı sənədin imzalanmasını gözləməsə də, vəziyyət qarşıdakı iki ay ərzində dəyişə bilər.

“Hazırda Çexiyanın qaz bazarı, əsasən, mayeləşdirilmiş təbii qaz və Norveçdən boru xətti ilə nəql olunan qazla təmin olunur. Bu kontekstdə Çexiya Aİ-nin qaz tədarükünü daha da şaxələndirməsinə, xüsusilə Mərkəzi və Şərqi Avropa regionunda Rusiya qazını əvəz etmək məsələsində Azərbaycanı böyük potensialı olan əhəmiyyətli tərəfdaş kimi qiymətləndirir”, – deyə agentliyin mənbəyi bildirib.

Qeyd edək ki, Bakı bu il aprelin 4-də Cənub Qaz Dəhlizi üzrə Məsləhət Şurasının 11-ci iclasına ev sahibliyi edəcək. Cənub Qaz Dəhlizi (CQD) Xəzər regionundan Avropaya təbii qazın daşınmasını təmin edir.

CQD üç əsas boru kəməri sistemindən ibarətdir: Cənubi Qafqaz Qaz Boru Kəməri (SCP), Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) və Trans-Adriatik Qaz Boru Kəməri (TAP). Dəhlizin ilkin keçiricilik qabiliyyəti ildə 10 milyard kubmetrdir və 20 milyard kubmetrə qədər artırıla bilər.

X: @Lyaman_Zeyn

Məqalədə:
Xəbər lenti

Xəbər lenti