Bakı. Trend:
Trans-Adriatik Qaz Kəməri (TAP) ilə kommersiya istismarının başlanıldığı 31 dekabr 2020-ci ildən bəri ümilikdə 44,40 milyard kubmetr həcmində qaz nəql olunub.
Bu haqda Trend-in sorğusuna TAP AG konsorsiumundan verilən cavabda deyilir.
“Kommersiya tədarükünün işə salındığı andan etibarən biz 44,40 milyard kubmetr qaz nəql etmişik, ondan 4,2 milyard kubmetri Yunanıstana, 2,74 milyard kubmetri Bolqarıstana və 37,05 milyard kubmetri İtaliyaya daşınıb”, - deyə konsorsiumdan bildiriblər.
Xatırladaq ki, TAP Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağından çıxarılan qazı Avropaya nəql edir. 878 kilometr uzanan boru xətti Türkiyə-Yunanıstan sərhədində (Kipoi) Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə birləşir və beləcə, Yunanıstan və Albaniya ərazilərindən, ardınca Adriatik dənizdən keçərək, İtaliyanın cənub sahillərinə çıxır.
TAP mövcud və potensial interkonnektorlar vasitəsilə Cənub-Şərqi Avropa ölkələrinin qazla təchizatına vasitəçilik edir. TAP 2022-ci ilin oktyabr ayından istismara verilmiş Yunanıstan-Bolqarıstan (IGB) interkonnektoruna da bağlıdır və onun vasitəsilə Xəzər qazı Bolqarıstana tədarük olunur. TAP-ın Yunanıstan və Albaniyaya, həmçinin, İtaliyanın cənub sahillərinə çıxışı Azərbaycan qazının daha böyük Avropa bazarlarına çıxışına əlavə imkanlar yaradır.
X: @Lyaman_Zeyn