Bakı. Trend:
Bu ilin yanvar-mart aylarında Azərbaycandan 2,2 milyard ABŞ dolları dəyərində 5,9 milyard kubmetr həcmində təbii qaz ixrac edilib.
Bu barədə Trend Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, 2024-cü ilin ilk üç ayı ilə müqayisədə ixrac edilən təbii qazın dəyəri 453,5 milyon ABŞ dolları və ya 25,9%, həcmi isə 966,2 milyon kubmetr və ya 19,6% artıb.
Hesabat dövründə Azərbaycanın ümumi ixracında təbii qazın payı 34,54% təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar-mart aylarında Azərbaycan xarici ticarət dövriyyəsi 24,3% artaraq 12 milyard ABŞ dolları təşkil edib.
Məlumata görə, son bir ildə ölkə üzrə ixrac 6,7% və ya 401,75 milyon ABŞ dolları artaraq 6,4 milyard ABŞ dolları, idxal isə əksinə 52,6% və ya 1,9 milyard ABŞ dolları artaraq 5,7 milyard ABŞ dolları təşkil edib.
Hesabat dövründə xarici ticarət dövriyyəsinə 722,9 milyon dollarlıq müsbət saldo yaranıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5,1 milyard ABŞ dolları və ya 3,1 dəfə azdır.