Bakı. Trend:
Bu ilin yanvar-mart aylarında Azərbaycanla Türkiyə arasında ticarət əməliyyatlarının həcmi 1,4 milyard ABŞ dolları təşkil edib.
Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu 2024-cü ilin eyni aylarındakı göstərici ilə müqayisədə 38,8 milyon ABŞ dolları və ya 2,6% azdır.
Hesabat dövründə Türkiyə ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 11,87%-i həcmində olub. Bununla da Türkiyə dövr ərzində Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı ölkələr sırasında üçüncü pillədə qərarlaşıb.
Cari ilin yanvar-mart aylarında Azərbaycandan Türkiyəyə 837,4 milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 93 milyon ABŞ dolları və ya 10% azdır. Bununla belə, dövr ərzində sözügedən ölkə Azərbaycanın ən çox ixrac əməliyyatları apardığı ölkələr sırasında ikinci pillədə qərarlaşıb.
Eyni zamanda hesabat dövründə Türkiyədən Azərbaycana 592,9 milyon ABŞ dolları dəyərində idxal əməliyyatları icra olunub ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 54,2 milyon ABŞ dolları və ya 10,1% artım deməkdir. Bununla da hesabat dövründə Türkiyə Azərbaycanın ən çox məhsul idxal etdiyi ölkələr sırasında üçüncü pillədə qərarlaşıb.
Xüsusi olaraq qeyd edək ki, 2025-ci ilin yanvar-mart aylarında Azərbaycandan Türkiyəyə 12 milyon ABŞ dolları dəyərində 24 min ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac olunub.
Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 49,8 milyon ABŞ dolları və ya 80,6%, həcm ifadəsində isə 90 min ton və ya 78,9% azdır.
Dövr ərzində Türkiyə Azərbaycanın ən çox neft ixrac etdiyi ölkələr sırasında 13-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, 2025-ci ilin yanvar-mart aylarında Azərbaycandan 13 ölkəyə 3,3 milyard ABŞ dolları dəyərində 6 milyon ton neft məhsulları (xam məhsullardan başqa, bitumlu süxurlardan alınmış neft və neft məhsulları; tərkibində neft və ya neft məhsullarının miqdarı 70 kütlə % və ya daha çox olan məhsullar) satılıb.