Bakı. Trend:
Trans-Adriatik qaz kəməri (TAP) 2025-ci ilin birinci yarısında İtaliyanın enerji infrastrukturu operatoru "Snam" şirkətinə 36 milyon avro xalis gəlir qazandırıb.
Bu haqda Trend şirkətin maliyyə hesabatına istinadən xəbər verir.
Müqayisə üçün, 2024-cü ilin analoji dövründə TAP şirkətə 33 milyon avro qazandırmışdı. Beləliklə, TAP-ın payı illik ifadədə 9,1% artıb.
Hesabata görə, 2025-ci ilin ilk altı ayında “Snam” şirkətinin assosiasiya olunmuş şirkətlərdə pay iştirakından əldə etdiyi ümumi 204 milyon avro xalis gəlirin 17,6%-i TAP-ın payına düşüb. 2024-cü ilin birinci yarısında isə TAP-ın payı 157 milyon avro ümumi məbləğin 21%-ni təşkil edib.
Qeyd edək ki, TAP Cənub Qaz Dəhlizinin əsas elementlərindən biridir və Xəzər dənizində yerləşən Azərbaycan “Şahdəniz” yatağından hasil edilən təbii qazı Avropa bazarlarına nəql edir. Qaz kəmərinin uzunluğu 878 kilometrdir: o, Yunanıstanın Kipoi qəsəbəsində TANAP-la birləşir, Yunanıstan və Albaniya ərazisindən keçir, Adriatik dənizini aşaraq İtaliyanın cənub hissəsində son nöqtəsinə çatır.