Bakı. Trend:
2025-ci ilin birinci yarısında Transadriatik qaz kəməri (TAP) vasitəsilə İtaliyaya təxminən 4,8 milyard kubmetr təbii qaz nəql olunub ki, bu da 2024-cü ilin analoji dövrü ilə eyni səviyyədədir (İtaliyaya ümumi qaz idxalının təqribən 15%-i).
Bu barədə Trend TAP AG şirkətinin səhmdarlarından biri olan Snam-a istinadla xəbər verir.
“Qaz kəmərinin gücünün potensial genişləndirilməsinə marağı qiymətləndirmək məqsədilə yeni məcburi olmayan bazar sınağı mərhələsinə start verilib”, – şirkətin açıqlamasında deyilir.
Xatırladaq ki, TAP Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağından çıxarılan qazı Avropaya nəql edir. 877 kilometr uzanan boru xətti Türkiyə-Yunanıstan sərhədində (Kipoi) Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə birləşir və beləcə, Yunanıstan və Albaniya ərazilərindən, ardınca Adriatik dənizdən keçərək, İtaliyanın cənub sahillərinə çıxır.
TAP mövcud və potensial interkonnektorlar vasitəsilə Cənub-Şərqi Avropa ölkələrinin qazla təchizatına vasitəçilik edir. TAP 2022-ci ilin oktyabr ayından istismara verilmiş Yunanıstan-Bolqarıstan (IGB) interkonnektoruna da bağlıdır və onun vasitəsilə Xəzər qazı Bolqarıstana tədarük olunur. TAP-ın Yunanıstan və Albaniyaya, həmçinin, İtaliyanın cənub sahillərinə çıxışı Azərbaycan qazının daha böyük Avropa bazarlarına çıxışına əlavə imkanlar yaradır.
TAP-ın pay sahibləri bunlardır: bp (20 faiz), SOCAR (20 faiz), “Snam” (20 faiz), “Fluxys” (20 faiz), “Enagas” (20 faiz).