Bakı. Trend:
Bu gün Transadriatik boru kəmərinin (TAP) – Azərbaycan qazını Avropaya çatdıran Cənub Qaz Dəhlizinin Avropa seqmentinin kommersiya istismarına başlanmasının beş ili tamam olur. Bu beş il ərzində TAP təbii qaz tədarükünün əsas marşrutlarından birinə çevrilərək Avropanın enerji təhlükəsizliyini gücləndirib və mürəkkəb transavropa infrastruktur layihəsinin uğurla həyata keçirilməsini nümayiş etdirib. Bu boru kəməri sadəcə mühəndislik qurğusu deyil, dayanıqlı enerji inkişafı naminə ölkələri və bazarları birləşdirən mühüm strateji təşəbbüsdür.
TAP-ın reallaşması Azərbaycanın iştirakı olmadan mümkün olmazdı. Məhz Azərbaycan layihəni zəruri enerji resursları ilə təmin edib və onun işə düşməsində həlledici rol oynayıb. Bakının strateji baxışı, siyasi iradəsi və uzunmüddətli enerji siyasəti sayəsində TAP Avropanın qlobal qaz bazarında mövqelərini gücləndirən etibarlı dəhlizə çevrildi. Bu gün boru kəməri təkcə texnoloji uğurun deyil, həm də enerji tədarükünün şaxələndirilməsində Azərbaycanın fəal rolunun və regionun sabit enerji arxitekturasının formalaşmasına verdiyi töhfənin rəmzidir.
Cənub Qaz Dəhlizi üzrə Məşvərət Şurasının 2015-ci ildə keçirilən ilk iclasında Prezident İlham Əliyev bildirib ki, 2011-ci ildə Avropa Komissiyasının o vaxtkı sədri Joze Manuel Barrozu ilə Cənub Qaz Dəhlizi haqqında birgə Bəyannamə imzalanıb və həmin sənəddə Azərbaycan Cənub Qaz Dəhlizinə əsas töhfə verən və bu layihəni həyata keçirən ölkə kimi qeyd olunub.
Bu gün Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminində rolu ən yüksək səviyyədə tanındığı bir zamanda Prezident İlham Əliyevin hələ 2015-ci ildə səsləndirdiyi mövqenin necə uzaqgörən olduğu xüsusilə aydın görünür:
“Enerji resurslarının şaxələndirilməsi hazırda beynəlxalq təşkilatların əsas arenasında müzakirə olunan məsələdir. Azərbaycan şaxələndirmədə öz rolunu oynayır. Şaxələndirmə haqqında danışanda biz yalnız marşrutların deyil, həm də mənbələrin şaxələndirilməsini nəzərdə tuturuq. Marşrutların da şaxələndirilməsi vacibdir, lakin mənbə eyni olanda vəziyyət çox dəyişmir. Mənbələrin şaxələndirilməsi vacibdir. Bu halda, Xəzər dənizində çıxan qaz - Azərbaycan qazı növbəti illər ərzində Avropa istehlakçıları üçün yeganə yeni qaz mənbəyi olacaq. Əlbəttə ki, bu, tamamilə başqa vəziyyət yaradır”.
Bu fikirləri bugünkü geosiyasi reallıqla müqayisə etdikdə, dövlət başçısının strateji baxışının nə dərəcədə dəqiq və uzaqgörən olduğu daha da aydın görünür. 2022-ci ilin fevralından sonra Avropanın enerji təhlükəsizliyi məsələsi misilsiz dərəcədə aktuallaşıb və şaxələndirmə enerji siyasətinin sadəcə elementi deyil, həyati əhəmiyyət kəsb edən zərurətə çevrilib.
Avropa bu gün heç vaxt olmadığı qədər yeni, etibarlı və proqnozlaşdırıla bilən enerji mənbələri axtarışını gücləndirib. Məhz belə bir zamanda Azərbaycan tərəfindən illər əvvəl formalaşdırılmış strateji kurs öz həqiqi dəyərini göstərib.
Azərbaycan Avropaya yeni qazın əsas tədarükçüsünə çevrilib – təkcə marşrutların şaxələndirilməsi hesabına deyil, ondan da önəmlisi, Prezident İlham Əliyevin on il əvvəl vurğuladığı kimi, yeni qaz mənbəyinin təqdim olunması sayəsində. Cənub Qaz Dəhlizi, TAP, TANAP, “Şahdəniz” yatağında hasilatın genişləndirilməsi – bütün bu layihələr bu gün Avropanın enerji təhlükəsizliyinin dayağıdır.
TAP-ın tarixi
2003-cü ildə İsveçrənin” EGL Group (Axpo)” şirkəti Transadriatik boru kəməri layihəsini elan edib. Layihənin texniki-iqtisadi əsaslandırılması təxminən üç il davam edərək 2006-cı ildə tamamlanıb. Həmin vaxt iki marşrut variantı nəzərdən keçirilirdi: birincisi – Bolqarıstan, Şimali Makedoniya və Albaniya üzərindən keçən şimal marşrutu; ikincisi – Yunanıstan və Albaniya üzərindən keçən cənub marşrutu.
Alternativlər araşdırıldıqdan sonra “Şahdəniz” konsorsiumu 28 iyun 2013-cü ildə “Şahdəniz-2” layihəsi çərçivəsində qazın Yunanıstan, İtaliya və Cənub-Şərqi Avropa istehlakçılarına çatdırılması üçün mövcud TAP marşrutunu seçdiyini rəsmən elan edib. 17 may 2016-cı ildə Yunanıstanın Saloniki şəhərində TAP-ın təməlqoyma mərasimi keçirilib.
2019-cu ilin noyabrında TAP-ın Yunanıstan seqmentində qazın sınaq verilişinə başlanılıb. TAP-ın tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. Boru kəməri İtaliyanın qazpaylayıcı şəbəkəsinə qoşulduqdan sonra 15 noyabrda, 31 dekabr tarixində Azərbaycandan Avropaya ilk kommersiya qaz tədarükünə start verilib.
Bu gün Azərbaycan təbii qazı 12 ölkəyə ixrac edir, onların 10-u Avropa ölkələridir və 8-i Avropa İttifaqının üzvüdür.
Azərbaycan Energetika Nazirliyinin məlumatına görə, TAP vasitəsilə Azərbaycandan Avropa İttifaqına boru kəmərləri ilə nəql edilən qazın 7 faizi təmin olunur və ölkəmiz Aİ-nin dördüncü ən böyük qaz tədarükçüsüdür. Bu günədək TAP ilə Avropaya 51,2 milyard kubmetr qaz ötürülüb: 42,9 milyard kubmetr İtaliyaya, 4,9 milyard kubmetr Yunanıstana, 3,4 milyard kubmetr Bolqarıstana çatdırılıb. Cari ilin 9 ayı ərzində ümumilikdə 8,5 milyard kubmetr qaz nəql olunub – 7 milyardı İtaliyaya, 0,8 milyardı Yunanıstana, 0,7 milyardı Bolqarıstana.
Prezident İlham Əliyevin bu ilin aprelində Cənub Qaz Dəhlizi üzrə Məşvərət Şurasının 11-ci nazirlər toplantısında və Yaşıl Enerji üzrə Məşvərət Şurasının 3-cü nazirlər toplantısında dediyi kimi, Azərbaycan qazının Avropaya tədarük coğrafiyası genişlənəcək, çünki Azərbaycan artıq bir sıra Avropa ölkələrinin qazpaylayıcı şəbəkəsinin qurulmasında iştirak edir.
“Avropada qaz təchizatımızın coğrafiyası birmənalı olaraq genişlənəcək, çünki bu gün bəzi Avropa ölkələrinin qazpaylama şəbəkəsinin yaradılmasında artıq iştirak edirik. Onların bəzilərində yoxdur, digərləri isə genişləndirilməlidir və Azərbaycan investor kimi bunu etməyi planlaşdırır. Beləliklə, qaz təchizatımızın coğrafiyası birmənalı olaraq müxtəlif yollarla, o cümlədən interkonnektorlar vasitəsilə genişlənəcək”,- deyə dövlət başçısı bildirib.
TAP-ın genişləndirilməsi
TAP üzrə qaz tədarükünün 2026-cı ilə qədər əlavə 1,2 milyard kubmetr artırılması 2024-cü ilin yanvarında təsdiqlənib. Bundan sonra Azərbaycanın qaz hasilatı strategiyasına müvafiq düzəlişlər edilib. TAP-ın genişləndirilməsi əlavə qaz həcmlərinin daşınmasına imkan verəcək və bununla da Azərbaycan qazı alan ölkələrin sayı artacaq, tədarük şəbəkəsi daha da genişlənəcək.
2022-ci ildən etibarən Energetika Nazirliyi və Avropa Komissiyasının enerji üzrə komissarının həmsədrliyi ilə Yüksək səviyyəli Enerji Dialoqu aparılır. Cənub Qaz Dəhlizinin genişləndirilməsi və tədarük həcmlərinin artırılması bu dialoqun əsas mövzularıdır. Bu çərçivədə Azərbaycan TAP-ın maksimal gücü ilə işləməsinə nail olub, Avropaya qaz tədarükünü 60 faizədək artırıb və TAP iştirakçısı olmayan ölkələrə də Türkiyə və Bolqarıstan ərazisi vasitəsilə qaz ixracını təşkil edib. Avropaya əlavə qaz tədarükünün gələcək artımı birbaşa Aİ siyasətindən asılıdır.
Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi üzrə Məşvərət şurasının 11-ci nazirlər toplantısında qeyd edib ki, uzunluğu 3500 km olan inteqrasiya olunmuş boru kəmərləri sistemi bu gün bir çox ölkələr üçün enerji təhlükəsizliyinin əsas arteriyasıdır:
“İndi o, tam gücü ilə işləyir. İstər Cənubi Qafqaz Boru Kəməri, istərsə də TANAP və ya TAP - Cənub Qaz Dəhlizinin üç ayrılmaz hissəsi tam dolu işləyir. Biz onları genişləndirməliyik. Əlbəttə ki, bunun üçün bizə maliyyələşmə lazım olacaq. Burada biz vacib bir nöqtəyə gəlib çıxırıq və bu məsələni dəfələrlə qaldırmışıq. Bəlkə faydalı qazıntı layihələrinin maliyyələşdirilməsini dayandırmaq qərarını qəbul etmiş beynəlxalq maliyyə təsisatları, xüsusən də müşahidə etdiyimiz böyük geosiyasi dəyişiklikləri nəzərə alaraq, öz siyasətinə yenidən baxsınlar. Çünki nəql infrastrukturuna və hətta hasilata əlavə sərmayələr qoyulmasa, bu, çox problemli olacaqdır”.
Şübhəsiz ki, Azərbaycan qazı alan, həcmlərin artırılmasında maraqlı olan, eləcə də Azərbaycanın “mavi” yanacağına çıxış əldə etmək istəyən ölkələr mövcud infrastrukturun genişləndirilməsinin zəruriliyini dərk edirlər.
Trend-ə açıqlamasında Avropa Komissiyasının nümayəndəsi qeyd edib ki, Avropanın qaz tədarükünü şaxələndirmək və Rusiyadan asılılığı azaltmaq səyləri çərçivəsində Aİ Cənub Qaz Dəhlizi ilə tədarükləri artırmaq niyyətindədir və bu istiqamətdə Azərbaycan hökuməti və digər tərəfdaşlarla əməkdaşlıq edir.
O bildirib ki, Aİ dəyişən enerji mənzərəsi fonunda TAP-ın ötürmə qabiliyyətinin artırılması imkanlarını qiymətləndirmək üçün maraqlı tərəflərlə sıx işləməyə davam edir:
“2022-ci ildən etibarən enerji qənaəti tədbirləri və bərpa olunan enerji mənbələrinin payının artması nəticəsində Aİ-də ümumi qaz tələbatı azalıb. Bununla belə, qeyri-rus qazı tələbatın ödənilməsində və enerji təhlükəsizliyinin təmin edilməsində hələ də əsas rol oynayır.
Aİ-nin qüvvədə olan qaydaları artıq Aİ büdcə vəsaitlərinin beynəlxalq fosil layihələrinə investisiya üçün istifadəsinə imkan vermədiyindən, TAP-ın nəqliyyat infrastrukturunun istənilən genişləndirilmə səyləri bazar tələbi və qiymət dinamikası nəzərə alınmaqla kommersiya baxımından əsaslandırılmalıdır. Bu kontekstdə TAP-ın mütəmadi bazar sınaqları marağın qiymətləndirilməsi və əlavə gücün zəruriliyinin şəffaf və ayrı-seçkiliksiz əsasda müəyyənləşdirilməsində əsas rol oynayır”, - deyə AK nümayəndəsi bildirib.
TAP-ın “yaşıl” gündəliyi
Bir neçə ölkədən və müxtəlif coğrafi zonalardan keçən Transadriatik boru kəməri ətraf mühitə təsirin minimuma endirilməsi, ekosistemlərin qorunması və yerli icmaların dəstəklənməsi üzrə ciddi öhdəlik nümayiş etdirir.
TAP-ın baş icraçı direktoru Luka Skyeppati Trend-ə müsahibəsində bildirib ki, TAP ətraf mühitin, sosial və mədəni irsin qorunması (ESCH) üzrə ciddi standartlara riayət edir və daimi monitorinq, qiymətləndirmə və idarəetmə həyata keçirir.
"Biz layihənin bütün mərhələlərində – planlaşdırmadan və layihələndirmədən tutmuş tikintiyə qədər – fəaliyyətimizi istiqamətləndirmək, riskləri minimallaşdırmaq və ESCH idarəetmə sistemində risklərin qarşısının alınması, nəticələrin yüngülləşdirilməsi və dayanıqlılıq prinsiplərini tətbiq etmək üçün həssas ekoloji və sosial aspektlər barədə geniş məlumatlar toplamışıq.ESCH həssas zonalara təsirlərdən maksimum dərəcədə qaçınmaq məqsədilə boru kəmərinin marşrutu və yerüstü obyektlərin mövqeyi xüsusi diqqətlə seçilib. Bizim bütün obyektlər iştirakçı ölkələrin milli standartlarına, ətraf mühit və sosial sahəyə təsirin qiymətləndirilməsi sənədinə, Aİ direktivlərinə, kreditorların tələblərinə və TAP-ın öz idarəetmə sisteminin tələblərinə cavab verir”, - deyə Skiepatti qeyd edib.
TAP bu yaxınlarda BMT-nin Ətraf Mühit Proqramının (UNEP) metan emissiyalarının uçotu və azaldılması üzrə aparıcı təşəbbüsü olan Oil & Gas Methane Partnership 2.0 (OGMP 2.0) təşəbbüsü çərçivəsində Gold Standard Pathway standartına sadiqliyini təsdiqləyib. Bu mühüm tanınma TAP-ın fəaliyyətinin bütün mərhələlərində metan emissiyalarının daha dəqiq anlaşılmasına, kəmiyyətcə qiymətləndirilməsinə və azaldılmasına sadiqliyini əks etdirir. Sertifikatlaşdırma onu da göstərir ki, TAP metan emissiyalarının ölçülməsi və uçotu üzrə OGMP 2.0-ın sərt tələblərinə uyğun detallı bir yol xəritəsi hazırlayıb; bu tələblər neft-qaz sektorunda şəffaflıq və effektivlik üçün qlobal meyar kimi çıxış edir.
Hazırda TAP vasitəsilə hidrogenin nəqlinin texniki imkanları da qiymətləndirilməkdədir.
Transadriatik boru kəmərinin beş illik uğurlu fəaliyyəti Prezident İlham Əliyevin strateji uzaqgörənliyini aydın şəkildə nümayiş etdirir. TAP təkcə infrastruktur layihəsi deyil, Avropanın enerji təhlükəsizliyinin mühüm elementi kimi çıxış edərək, Azərbaycan qazının etibarlı tədarükünü təmin edir və mənbələrin və marşrutların şaxələndirilməsinə töhfə verir.
Davamlı enerji mənbələrinə artan tələbat və enerji təhlükəsizliyinin gücləndirilməsi zərurəti fonunda Avropa ölkələri Azərbaycan təbii qazının həcmlərinin artırılmasına açıq maraq göstərirlər. Artıq Azərbaycandan qaz alan dövlətlər tədarükləri artırmağa can atır, hələ Cənub Qaz Dəhlizinə qoşulmayan ölkələr isə bu etibarlı mənbəyə çıxış əldə etmək istəklərini ifadə edirlər.
Mövcud geosiyasi vəziyyət və bazarın tələbləri praqmatik yanaşma tələb edir. Tam enerji keçidi aralıq həllər olmadan mümkün deyil. Buna görə də beynəlxalq maliyyə qurumlarının mövqelərini yenidən nəzərdən keçirmələri və xüsusilə Cənub Qaz Dəhlizinin genişləndirilməsi kimi təbii qazın nəqli layihələrini maliyyələşdirməyə davam etmələri son dərəcə vacibdir.
Cənub Qaz Dəhlizinin həyata keçirilməsi təcrübəsi göstərdi ki, Azərbaycanla Avropa ölkələri arasında sıx əməkdaşlıq, uzaqgörənlik və strateji planlaşdırma real nəticələr verə bilir. Bu gün də Avropanın uzunmüddətli perspektivdə enerji təhlükəsizliyini təmin etmək üçün eyni dərəcədə qətiyyət və gələcəyə baxış tələb olunur.
