Bakı. Trend:
Azərbaycan 2025-ci ildə 2024-cü illə müqayisədə əmtəəlik qaz hasilatını 0,5 faiz artırıb.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata əsasən, ötən il ölkədə təbii qaz hasilatı 50,9 milyard kubmetr təşkil edib. Bunun 38,9 milyard kubmetri əmtəəlik qazın payına düşüb.
Öz növbəsində, təbii qaz hasilatı illik müqayisədə 0,6 faiz artıb.
Bu dövrdə xam neft, o cümlədən əmtəəlik neft hasilatında isə azalma müşahidə olunub.
Belə ki, Azərbaycanda kondensat da nəzərə alınmaqla, təxminən 27,7 milyon ton xam neft hasil edilib ki, bunun 27,6 milyon tonu əmtəəlik neft olub. Beləliklə, Azərbaycan xam neftin, o cümlədən kondensatla birlikdə hasilatını illik müqayisədə 4,8 faiz azaldıb. Əmtəəlik neft hasilatı da il ərzində 4,8 faiz azalma nümayiş etdirib.
Qeyd edək ki, Azərbaycan şelf zonasında əhəmiyyətli qaz ehtiyatlarına malikdir. Qiymətləndirmələrə görə, nəhəng “Şahdəniz” yatağının kəşf edilmiş ehtiyatları 1,2 trilyon kubmetr qaz və 240 milyon ton kondensat təşkil edir.
Bundan əlavə, Azərbaycanın karbohidrogen yataqları sırasında “Ümid-Babək” strukturu da yer alır. İlkin məlumatlara əsasən, perspektivli “Babək” strukturunun ehtiyatları 400 milyard kubmetr qaz və 80 milyon ton kondensat həcmində qiymətləndirilir.
Digər perspektivli strukturlara gəldikdə isə, “Şəfəq-Asiman” blokunun proqnoz ehtiyatları 500 milyard kubmetr qaz və 65 milyon ton kondensat təşkil edir. “Abşeron” yatağından isə birinci mərhələdə 1,5 milyard kubmetr qaz hasil olunur.
