Bakı. Trend:
Azərbaycandan qazın əlavə ixrac tədarükü Avropa İttifaqının enerji mənbələrinin şaxələndirilməsi üzrə məqsədlərinə çatmasında mühüm əhəmiyyət daşıyır.
Bu barədə Trend-ə Avropa Komissiyasının nümayəndəsi məlumat verib.
“Energetika Aİ ilə Azərbaycan arasında əməkdaşlığın əsas sütunudur. Bu əməkdaşlıq 2022-ci ilin iyulunda Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanmış Anlaşma Memorandumuna əsaslanır. Aİ Azərbaycanı etibarlı tərəfdaş və enerji təchizatçısı kimi yüksək qiymətləndirir. Azərbaycandan əlavə qaz tədarükü Aİ-nin şaxələndirmə hədəflərinə nail olunmasında mühüm rol oynayır. 2016-cı ildə biz “Şərq Tərəfdaşlığı” proqramına daxil olan ölkələrə, o cümlədən Azərbaycana enerji siyasəti sahəsində məqsədlərinə çatmaq və enerji səmərəliliyini artırmaqda dəstək verən "EU4Energy" adlı yeni regional proqramı işə saldıq. Proqramın yeni mərhələsi 1 yanvar 2026-cı il tarixində başlayıb”, – deyə Avropa Komissiyasının nümayəndəsi vurğulayıb.
O, həmçinin qeyd edib ki, "Global Gateway" təşəbbüsü və Aİ-nin Regionlararası Bağlantılılıq Gündəliyi çərçivəsində Avropa İttifaqı yalnız nəqliyyat sahəsində deyil, həm də enerji və rəqəmsal sektorlar üzrə investisiyaların təşviqinə və əlaqəliliyin gücləndirilməsinə çalışır. Məqsəd sərhədlərarası ticarətin stimullaşdırılmasıdır.
“İnnovativ maliyyə alətlərindən ikitərəfli və regional dəstək proqramları ilə yanaşı istifadə edilməsi Aİ ilə Azərbaycan arasında iqtisadi əlaqələrin daha da dərinləşdirilməsinə, ölkə iqtisadiyyatının şaxələndirilməsinə, regional bağlantılılığın möhkəmləndirilməsinə, "yaşıl" və rəqəmsal keçidin irəlilədilməsinə, yeni bacarıqların və iş yerlərinin yaradılmasına, həmçinin inklüziv və dayanıqlı inkişafa töhfə verəcək”, – deyə Avropa Komissiyasının nümayəndəsi bildirib.
Qeyd edək ki, Azərbaycan qazı Avropaya Cənub Qaz Dəhlizinin son hissəsi olan Transadriatik Qaz Boru Kəməri (TAP) vasitəsilə ixrac edir. TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr təşkil edir, lakin bu göstərici 20 milyard kubmetrə qədər artırıla bilər. 2022-ci ilin iyulunda Azərbaycan ilə Avropa Komissiyası 2027-ci ilə qədər Avropaya qaz tədarükünün iki dəfə artırılması barədə razılıq əldə ediblər.
2025-ci ildə Azərbaycanda 51,5 milyard kubmetr təbii qaz hasil edilib. Bunun 14,1 milyard kubmetri “Azəri-Çıraq-Günəşli” yataqlarının, 27,9 milyard kubmetri “Şahdəniz” yatağının, 1,6 milyard kubmetri “Abşeron” yatağının payına düşüb, 7,9 milyard kubmetr qaz isə SOCAR tərəfindən hasil olunub.
Hesabat dövründə qaz ixracı 25,2 milyard kubmetr təşkil edib. Bunun 12,8 milyard kubmetri Avropaya, 9,6 milyard kubmetri Türkiyəyə (o cümlədən 5,6 milyard kubmetri TANAP vasitəsilə), 2,3 milyard kubmetri Gürcüstana və 0,5 milyard kubmetri Suriyaya göndərilib.
2026-cı ilin yanvarından TAP qaz kəməri üzrə yeni Qaz Nəqliyyatı Sazişi (GTA) çərçivəsində əlavə uzunmüddətli ötürücülük gücü əlçatan olub. Eyni dövrdə SOCAR TAP vasitəsilə Avstriya və Almaniyadakı alıcılara Azərbaycan qazının tədarükünə başlayıb. Bu, Avropada Azərbaycan qazının ixrac coğrafiyasını genişləndirib və Azərbaycandan qaz alan Avropa ölkələrinin sayını 16-ya çatdırıb.
