Bakı. Trend:
Avropa Komissiyası Azərbaycanın Dövlət Neft Şirkətinin – SOCAR-ın
İtaliyanın “Italiana Petroli S.p.A.” və “MIP S.p.A.” (birlikdə
“Italiana Petroli”) şirkətləri üzərində tam nəzarəti əldə etməsini
təsdiqləyib.
Trend-in Avropa
Komissiyasına istinadən məlumatına görə, qərar Avropa İttifaqının
(Aİ) Birləşmələr haqqında Qaydasına uyğun olaraq qəbul edilib.
Bildirilib ki, SOCAR “Italiana Petroli”nin 99,82 faiz səhmini “API
Holding”dən alır. Sövdələşmə əsasən xam neft və neft məhsullarının
tədarükü sahəsini əhatə edir.
Avropa Komissiyası aparılan araşdırmanın nəticəsi olaraq qeyd edib
ki, bu əməliyyat rəqabət mühitinə mənfi təsir göstərməyəcək.
Şirkətlərin bazardakı mövqelərinin məhdud olması nəzərə alınaraq,
sövdələşmə sadələşdirilmiş birləşmə araşdırması proseduru
çərçivəsində qiymətləndirilib.
Qərarla SOCAR-ın İtaliya bazarındakı mövqeyi daha da güclənmiş olur.
Qeyd edək ki, 2025-ci ilin sentyabrın 23-də Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun ikinci günü çərçivəsində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə "Italiana Petroli S.p.A" və "MIP S.p.A" arasında səhmlərin alqı-satqısı üzrə üçtərəfli saziş imzalanıb.
Sazişə SOCAR prezidenti Rövşən Nəcəf və "Italiana Petroli S.p.A" şirkətinin İdarə Heyətinin sədri Uqo Braçetti Peretti imza atıblar.
Bildirilib ki, bu razılaşma Azərbaycanın enerji sektorunda beynəlxalq əməkdaşlığın dərinləşməsi və SOCAR-ın strateji tərəfdaşlıqlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
"Italiana Petroli S.p.A"nın İdarə Heyətinin sədri Uqo Braçetti Peretti Trend-ə müsahibəsində bildirib ki, Azərbaycan və SOCAR bütövlükdə İtaliyaya yeni investisiyalar, müasir yanaşma və dəyərli təcrübə gətirə bilər.
Uqo Braçetti Peretti Azərbaycanla əməkdaşlıqdan məmnunluğunu ifadə edib: "Azərbaycan Aralıq dənizi regionunda qaz, xam neft və neft məhsullarının istehsalı üzrə əsas ölkələrdən biridir. Bu sahədə Azərbaycanın böyük etibarı və nüfuzu var. Biz də Azərbaycanla bu əməkdaşlığı qurduğumuz üçün çox məmnunuq".
